16 yanvar 2026 21:44
106

Berlində 90-cı “Yaşıl Həftə” sərgisi işə başlayıb

Yanvarın 16-da Berlində 90-cı “Yaşıl Həftə” sərgisi işə başlayıb.

“İki sahil” xəbər verir ki, “Yaşıl Həftə”nin 100 illiyinə həsr olunmuş builki sərgidə 50-dən çox ölkədən 1600 şirkət öz məhsullarını sərgiləyir.

Sərginin açılış mərasimində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer də iştirak edib. Sərginin yaranmasından 100 il sonra onun mühüm məsələlərin müzakirə edildiyi platforma olduğunu vurğulayan Frank-Valter Ştaynmayer qeyd edib ki, sərgi ilk gündən şəhərlər və kənd arasında yaxınlaşmaya töhfə verib.

Açılış mərasimində Berlinin meri Kay Veqner, tərəfdaş region Meklenburq-Ön Pomeraniya əyalətinin Baş naziri Manuela Şveziq, Avropa İttifaqının komissarı Kristof Hansen, həmçinin Almaniyanın kənd təsərrüfatı naziri Alois Rayner də çıxış ediblər.

Qeyd edək ki, Almaniyada “Qızıl iyirminci illər” dövründə – 1926-cı ildə əsası qoyulan “Yaşıl Həftə” sərgisi hazırda qidalanma, kənd təsərrüfatı və bağçılıq sahəsində dünyanın aparıcı tədbirlərindən biri hesab olunur. Almaniyanın ən qədim sərgilərindən olan bu platforma artıq bir əsrdir ki, müxtəlif ölkələrdən sərgi iştirakçılarını və ziyarətçiləri bir araya gətirir. Sərgi iqlim mühafizəsi, dövri iqtisadiyyat, resurslardan səmərəli istifadə və dayanıqlı torpaq idarəçiliyi kimi aktual qlobal problemlərin müzakirəsi üçün mühüm tribuna rolunu oynayır. Builki – 90-cı “Yaşıl Həftə” sərgisi yanvarın 25-dək işini davam etdirəcək.

Ənənəvi olaraq “Yaşıl Həftə” çərçivəsində 300-dən çox forum, seminar, konqres və iclas keçirilir. Onların arasında Qida və Kənd Təsərrüfatı üzrə Qlobal Forumdur (GFFA) və Kənd İnkişafı üzrə Gələcək Forum xüsusi yer tutur.

Sərgi hər il 350 minə yaxın ziyarətçi qəbul edir. Ümumi sahəsi 119 min kvadratmetr olan sərgidə 50-dən çox ölkədən 1600-dən şirkət təmsil olunur.