CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib

17 yanvar 2026 18:16
167

Cənubi Afrika Respublikasının nüfuzlu və böyük oxucu auditoriyasına malik mətbu orqanı olan “Mail and Guardians” qazetinin səhifələrində jurnalist M.Smifin müəllifliyi ilə 1990-cı il Qanlı yanvar hadisələrinə həsr olunan “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib.

“İki sahil” xəbər verir ki, məqalədə Azərbaycanın 1990-cı ilin yanvar ayında Sovet hərbi müdaxiləsi zamanı həlak olan mülki şəxslərin xatirəsinə "Qara Yanvar" kimi tanınan hadisələrin 36-cı ildönümünün keçirildiyi qeyd edilir.

Bildirilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə Sovet qoşunları Bakı və Sumqayıt, eləcə də Azərbaycanın digər şəhərlərinə hərbi müdaxiləsi nəticəsində 147 mülki şəxsin həlak olduğu, 700-dən artıq nəfərin isə ağır yaralandığı vurğulanır.

“1990-cı il faciəsinə səbəb olan hadisələr 1980-ci ilərin sonuna təsadüf edir. O zaman Azərbaycan da daxil olmaqla bir sıra Sovet respublikalarında millətçi hərəkatlar geniş vüsət alırdı. Eyni zamanda, Qarabağ ətrafında mübahisələr kəskinləşmiş və bu da yerli əhalinin köçürülməsinə və millətlərarası zorakılığa səbəb olmuşdu. Bakıda və digər şəhərlərdə etirazlar artdıqca, Sovet hakimiyyəti fövqəladə vəziyyət elan etmiş və asayişi bərpa etmək üçün qoşun yeritmişdi. Hərbi müdaxilə mülki əhaliyə lazımi xəbərdarlıq edilmədən həyata keçirilmiş və həddindən artıq güc tətbiq olunmaqla nəticələnmişdi. O dövrdəki Sovet rəhbərliyi bu artan gərginliyin qarşısını almaq əvəzinə, Azərbaycana qoşun yeritmiş, yaranmış vəziyyəti sabitləşdirmək və iğtişaşların qarşısını almaq üçün hərbi təcavüzün zəruri olduğundan çıxış edirdi. Beləliklə, 1990-cı ilin yanvar hadisələri Sovet İttifaqının son illərində dərinləşən siyasi və etnik gərginlik fonunda baş verib.

"Qara Yanvar" hadisələri geniş şəkildə təkcə müstəqilliyin əldə edilməsində ictimai dəstəyi və milli hərəkatı boğmaq deyil, bu ideyanı gücləndirən bir dönüş nöqtəsi kimi də qəbul edilir. Belə ki, iki ildən az müddət keçdikdə, 1991-ci ildə Azərbaycan Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini elan etmişdi. 1990-cı ilin yanvar hadisələri Azərbaycanən suverenlik və dövlətçilik ideyalarına ictimai münasibətin formalaşmasında mühüm rol oynayıb”, - deyə məqalədə bildirilir.

20 Yanvar faciəsinin siyasi-hüquqi tanınması 29 mart 1994-cü ildə Milli Məclisin müvafiq qərarı ilə qəbul edildiyi bildirilən yazıda dinc yolla yeni demokratik və suveren dövlət tələb edən xalqın inamını və iradəsini qırmaq məqsədi ilə edildiyi qeyd olunur.

“Buna baxmayaraq, dinc sakinlərin qətli ilə nəticələnən “Qanlı Yanvar” faciəsinin illər ərzində beynəlxalq insan hüquqları çərçivəsində daha geniş beynəlxalq tanınmasına dair çağırışlar diqqət mərkəzində qalmaqdadır. 1990-cı ilin yanvar hadisələri nə qədər faciəli olsa da, xalqın milli azadlıq uğrunda mübarizə əzmini daha da gücləndirib və ölkənin tarixinə parlaq bir səhifə yazaraq müstəqilliyə yol açıb. 20 Yanvardan 36 il keçməsinə baxmayaraq, 1990-cı il hadisələri Sovet İttifaqının süqutunun tarixində iz buraxaraq insan hüquqlarına dair beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulması idi.

20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə artıq anım və düşüncə mərkəzinə çevrilmiş paytaxt Bakının ən yüksək nöqtəsindən birində yerləşən Şəhidlər Xiyabanında azadlıq uğrunda mübarizədə həlak olanların xatirəsinə həsr olunmuş Abidə Kompleksi ucaldılıb. Hazırda Azərbaycan Cənubi Qafqazda əsas siyasi və iqtisadi oyunçu kimi çıxış edir və Azərbaycan dövləti ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını təmin etməklə dövlətçiliyin əsasını təşkil edən bu ali prinsiplərin təşviqi istiqamətində zəruri addımlar atır”, - deyə məqalədə vurğulanıb.