Avropa ölkələri ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ətrafındakı vəziyyətlə əlaqədar bir neçə Avropa ölkəsinə artırılmış tariflər tətbiq etmək qərarına kəskin reaksiya verib.
“İki sahil” xəbər verir ki, Finlandiya Prezidenti Aleksandr Stubb bu cür tədbirlərin transatlantik münasibətləri sarsıtdığını və təhlükəli eskalasiya riski yaratdığını bildirib. O, müttəfiqlər arasındakı fikir ayrılıqlarının təzyiq yox, dialoq yolu ilə həll edilməli olduğunu vurğulayıb, habelə Danimarka və Qrenlandiyaya dəstəyini ifadə edərək ərazi bütövlüyü və suverenlik prinsiplərinə sadiqliyini bir daha təsdiqləyib.
İsveç də bu təhdidləri kəskin tənqid edib. Bu ölkənin maliyyə naziri Elizabet Svantesson ABŞ-ın tarif təhdidlərini absurd adlandırıb və Qrenlandiya üzərində nəzarəti ələ keçirmək üçün rüsumlardan təzyiq vasitəsi kimi istifadə etməyin məsuliyyətsizlik olduğunu bildirib. Onun sözlərinə görə, İsveç və Aİ şantaj olunmağa imkan verməyəcək, lakin buna qarşı İttifaqın digər ölkələri ilə əlaqələndirilmiş şəkildə cavab tədbirləri görülməlidir.
Bu arada, Avropa İttifaqı daxilində sərt cavab çağırışları artmaqdadır. Sənaye nümayəndələri və siyasətçilər Amerika şirkətlərinə dövlət satınalmalarına, investisiyalara və patentlərə çıxış, eləcə də Aİ-dən ABŞ-a malların ixracına qadağalar və ya məhdudiyyətlər qoyan Brüsselin məcburiyyət əleyhinə alətindən istifadəni təklif edirlər. Avropa Parlamentindəki əsas fraksiyalar da Vaşinqtonun tarif təhdidləri davam etdiyi müddətcə Aİ ilə ABŞ arasında ticarət sazişini dəstəkləməyəcəklərini bildiriblər.
Gərginliyin artmasına baxmayaraq, Avropa liderləri Aİ daxilində birliyin və ABŞ ilə siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayaraq ticarət qarşıdurmasının transatlantik münasibətlər üçün uzunmüddətli mənfi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Xatırladaq ki, fevralın 1-dən etibarən Finlandiya, Danimarka, İsveç, Norveç, Fransa, Almaniya, Birləşmiş Krallıq və Niderlanddan ABŞ-a ixrac olunan mallara 10 faizlik rüsumlar tətbiq olunacaq və iyunun 1-dən etibarən bu tarif dərəcəsinin 25 faizə qədər artırılması gözlənilir.