19 yanvar 2026 11:39
165

Azərbaycanın tarixində qanla yazılmış, qürurla oxunan unudulmaz səhifə

Azərbaycan xalqının müasir tarixində 20 Yanvar faciəsi təkcə böyük bir faciə deyil, eyni zamanda milli azadlıq iradəsinin, xalqın mübarizə əzminin və dövlətçilik ideyasının qanla təsdiqi kimi yadda qalmışdır. 1990-cı il yanvarın 20-də sovet imperiyasının totalitar mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoyan bu qanlı hadisə, xalqımızın yaddaşında sağalmaz bir yara, eyni zamanda müstəqillik yolunda dönməz bir mərhələdir. Bu faciənin üzərindən 36 il keçməsinə baxmayaraq, onun dərsləri və tarixi-siyasi əhəmiyyəti bu gün də aktuallığını qoruyur.

1990-cı ilin yanvarında həyata keçirilən və tarixə “Bakı əməliyyatı” adı ilə düşən hərbi müdaxilə, SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətlərdən biri olmuşdur. Heç bir hüquqi əsas olmadan, fövqəladə vəziyyət elan edilməzdən əvvəl sovet ordusunun Bakıya yeridilməsi nəticəsində dinc əhali atəşə tutulmuş, yüzlərlə günahsız insan qətlə yetirilmiş, minlərlə şəxs yaralanmışdır. Qadınların, uşaqların, yaşlıların belə gülləbaran edilməsi bu əməliyyatın mahiyyət etibarilə terror və cəza aksiyası olduğunu açıq şəkildə göstərirdi.

“Bakı əməliyyatı”nın əsas məqsədi Azərbaycan xalqının artan milli azadlıq hərəkatını boğmaq, müstəqillik arzularını zor gücü ilə susdurmaq idi. Lakin sovet rəhbərliyi bu qanlı addımı ilə əks nəticəyə nail oldu – xalqın azadlıq iradəsi daha da möhkəmləndi, müstəqillik ideyası geri dönməz xarakter aldı.

20 Yanvar faciəsinə ilk obyektiv, prinsipial və cəsarətli siyasi-hüquqi qiymət məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən verildi. Hadisədən dərhal sonra, 1990-cı il yanvarın 21-də Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin bu qanlı cinayətini açıq şəkildə pislədi. O, bu faciəni insanlığa qarşı cinayət adlandıraraq SSRİ rəhbərliyini məsuliyyətə cəlb etdi.

Totalitar sistemin hələ mövcud olduğu bir dövrdə belə açıq mövqe nümayiş etdirmək böyük siyasi cəsarət və milli məsuliyyət nümunəsi idi. Heydər Əliyevin bu bəyanatı, əslində, 20 Yanvar hadisələrinin mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində atılan ilk ciddi addım oldu.

Uzun illər boyu 20 Yanvar faciəsinə rəsmi-hüquqi qiymət verilməməsi bu hadisənin siyasi səbəblərdən kölgədə saxlanıldığını göstərirdi. Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin əsl mahiyyəti hüquqi müstəvidə açıqlandı.

1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verən xüsusi qərar qəbul etdi. Bu qərarda sovet ordusunun Bakıya yeridilməsi təcavüz aktı kimi dəyərləndirildi, günahsız insanların qətlə yetirilməsi ağır cinayət kimi tanındı. Beləliklə, 20 Yanvar faciəsi ilk dəfə dövlət səviyyəsində obyektiv və ədalətli şəkildə qiymətləndirildi.

Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçən 20 Yanvar şəhidlərinin xatirəsi bu gün dövlət və xalq tərəfindən böyük ehtiramla anılır. Şəhidlər Xiyabanı müqəddəs ziyarətgah kimi formalaşaraq milli yaddaşın, vətənpərvərlik ruhunun simvoluna çevrilmişdir. Burada uyuyan şəhidlər xalqımızın azadlıq uğrunda verdiyi müqəddəs qurbanların təcəssümüdür.

Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər – abidələrin ucaldılması, xatirə komplekslərinin yaradılması, 20 Yanvarın hər il ümummilli hüzn günü kimi qeyd olunması bu faciənin unudulmamasına, gələcək nəsillərə doğru şəkildə ötürülməsinə xidmət edir.

20 Yanvar faciəsi Azərbaycan tarixində həm qanlı, həm də şərəfli bir səhifədir. Bu hadisə xalqımızın müstəqillik uğrunda mübarizəsinin zirvələrindən biri olmaqla yanaşı, milli kimliyimizin, azadlıq ruhumuzun formalaşmasında mühüm rol oynamışdır. 20 Yanvar sübut etdi ki, Azərbaycan xalqı öz azadlığı naminə ən ağır qurbanları verməyə hazırdır.

Bu gün müstəqil və suveren Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin amalına sadiq qalaraq inkişaf edir, güclənir və regionda mühüm siyasi aktora çevrilir. 36 il əvvəl axıdılan qanlar hədər getmədi – həmin qanlar müstəqil Azərbaycanın təməl daşına çevrildi.

20 Yanvar faciəsi tarixdən silinməyəcək, çünki bu tarix həm ağrımız, həm də qürurumuzdur. Bu gün və gələcək nəsillər üçün isə o, azadlığın hansı bədəllə qazanıldığını xatırladan əbədi bir dərsdir.

Arifə Abdullayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi