20 yanvar 2026 00:00
128

Müasir tariximizin qəhrəmanlıq səhifəsi - 20 Yanvar

Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi uğrunda yüz illər boyu mübarizə aparıb. Xalqımız böyük siyasi təbədülatlarla dolu olan XX əsrin 90-cı illərində Vətənimizin azadlığı və müstəqlliyi uğrunda ən ağır sınaqlara sinə gərərək, yenilməz əzm və iradə nümayiş etdirərək, şəhid verərək milli kimliyini bir daha bütün dünyaya nümayiş etdirdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi və nəticədə 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Sovet qoşunları tərəfindən 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları, həmçinin yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət və şəxsi əmlaklar məhv edildi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, eləcə də təcili yardım işçiləri var idi.

20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb. Azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı olan bu cinayət və yüzlərlə günahsız insanın qətlə yetirilməsi Sovet rejiminin cinayətkar mahiyyətini bir daha bütün dünyaya göstərdi. Lakin totalitar rejim Azərbaycan xalqının iradəsini və ruhunu qıra, onu qorxuda, müstəqillik arzusunu boğa bilmədi. Tezliklə “Qara Yanvar” hadisələri Şər İmperiyasının digər əsarət altında olan ölkələrində müstəqillik hərəkatlarının güclənməsinə təkan verdi.

O müdhiş günlərdə Moskvada yaşayan Ümummilli Liderimiz Heydər Əliyev özünün və yaxınlarının həyatını təhlükə altında qoyaraq, yanvarın 21-də Azərbaycanın Daimi Nümayəndəliyinə gəlmiş, Qanlı Yanvarı törədənləri pisləyən kəskin bəyanatla çıxış etmiş, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırmışdır. Bununla da Ulu Öndərimiz cəsarətini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etmişdir. 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət də yalnız Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra verilmiş və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırılmışdır. Bu qanlı faciədən 36 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, onun ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə öz dərin nifrətini bildirir. Ümummilli Lider Heydər Əliyev demişdir: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, öz azadlığı uğrunda mübarizəyə qalxmış xalqa qarşı siyasi və hərbi təcavüz idi. 20 yanvar hadisələrinə ilk hüqüqi və siyasi qiymətin verilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Milli Məclis tərədindən 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qəbul edilən qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilmişdir. 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də Ümummilli Liderimiz mühüm tədbirlər həyata keçirmişdir. 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanlara həsr olunmuş “Əbədi məşəl” abidə-kompleksi ucaldılmışdır. Azərbaycan Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir.

Prezident İlham Əliyev də 20 Yanvar şəhidi ailələrinin və yaralılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının fərmanlarına əsasən, 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələri üçün təqaüdlərinin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev bildirib: “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”. 

20 Yanvar yalnız hüzn günü deyil, xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Qan yaddaşımıza, Azərbaycan tarixinin səhifələrinə əbədi həkk olunan 20 Yanvar həm də xalqımzın sonrakı taleyində ciddi dönüş oldu. O məşum gecə xalqımızın yaddaşından heç vaxt silinməyəcək, şəhid olmuş faciə qurbanlarının xatirəsi əbədi yaşayacaq. Bu gün 20 Yanvar gecəsi şəhid olanların ruhları şaddır. Azərbaycanın torpaqları 30 illik işğaldan azad edilib, tarixi ədalət bərpa olunub, respublikamızın ərazi bütövlüyü və suvernliyi təmin olunub. 20 Yanvar hadisələrindən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır və bu faciəni törədənlərə daim öz dərin nifrətini bildirir.

Zahid Rza, “İki sahil”