19 yanvar 2026 21:02
95

Almaniya Kansleri ABŞ-ı sərt tənqid edib

Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq planına etiraz edən Avropa ölkələrini əlavə gömrük rüsumları ilə hədələməsini kəskin tənqid edib.

“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, Kansler partiyasının iclasındakı çıxışında bu cür addımların transatlantik münasibətləri zəiflətdiyinu və gərginliyin daha da artmasına səbəb olduğunu bildirib. Fridrix Merts vurğulayıb ki, gömrük rüsumlarının əsas yükünü adətən idxalçı ölkənin istehlakçıları daşıyır və bu halda amerikalı vətəndaşlar zərər görəcək.

Kansler əlavə edib ki, Avropaya tətbiq ediləcək əlavə rüsumlar Almaniya və bütövlükdə Avropa iqtisadiyyatına da mənfi təsir göstərəcək. O, problemin dialoq yolu ilə həllinə üstünlük verdiklərini, lakin zərurət yaranacağı təqdirdə Avropa İttifaqının cavab tədbirləri görəcəyini bildirib: “Biz bu mübahisədə mümkün qədər hər cür eskalasiyadan qaçmaq niyyətində olduğumuz barədə razılığa gəlmişik”.

Fridrix Merts Davosda keçiriləcək Dünya İqtisadi Forumunda Donald Tramp ilə görüşərək gərginliyin azaldılmasına çalışacağını da açıqlayıb.

Kansler, eyni zamanda, NATO-nun avropalı üzvlərinin Arktika regionunun təhlükəsizliyində daha çox məsuliyyət daşımalı olduğunu qeyd edib və Almaniyanın bu istiqamətdə mümkün töhfəsini yaxın vaxtlarda müəyyənləşdirəcəklərini bildirib.

Qeyd edək ki, ABŞ ilə Avropa İttifaqı arasında artan gərginlik İttifaqa üzv ölkələrin Brüsseldə keçiriləcək fövqəladə sammitində də müzakirə olunacaq.