20 yanvar 2026 13:06
106

Dövlət Bağçalı: 20 Yanvar qətliamı Azərbaycanın istiqlal mübarizəsini əngəlləyə bilmədi

Sovetlərin 1990-cı il yanvarın 20-də Bakıda törətdiyi qətliam Azərbaycanın istiqlal mübarizəsini əngəlləyə bilmədi.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı partiyanın qrup toplantısındakı çıxışında deyib.

MHP lideri 1990-cı il 20 yanvar tarixini Azərbaycanın öz istiqlaliyyəti uğrunda apardığı mübarizənin silahla basdırılmasına edilmiş cəhd kimi qiymətləndirib:

"Həmin gün Bakıda və Azərbaycanın müxtəlif bölgələrində qətliamlar törədildi. Rəsmi məlumatlara görə, həmin gün 147 mübariz şəhid oldu. Lakin sovetlərin 1990-cı il yanvarın 20-də Bakıda törətdiyi qətliam Azərbaycanın istiqlal mübarizəsini əngəlləyə bilmədi. 20 Yanvar qətliamı Azərbaycanın öz müstəqilliyi uğrunda ödədiyi ən böyük bədəl olaraq tarixə keçib. Bu, həm də Türk dünyası üçün çox önəmli günlərdən biridir".

D.Bağçalı Azərbaycanın 2020-ci ildə baş verən 44 günlük müharibədə qazandığı böyük zəfərlə azadlıq və ədaləti bərpa etdiyini vurğulayıb.

O, Azərbaycanla Türkiyənin sonsuza qədər birgə olacağını bir daha bəyan edib:

"Taleyimiz, keçmişimiz, gələcəyimiz, qərarımız və qətiyyətimiz sonsuza qədər birdir. Tək millət, iki dövlət prinsipinə hər zaman əməl olunacaq".