20 yanvar 2026 22:22
114

Avropa Komissiyası “Huawei” və ZTE-nin Aİ şəbəkələrindən çıxarılmasını planlaşdırır

Avropa Komissiyası Çin istehsalı olan texnologiyaların Avropa İttifaqının (Aİ) mobil rabitə şəbəkələrində istifadəsinin məhdudlaşdırılması üçün yeni hüquqi mexanizm hazırlayır.

“İki sahil” xəbər verir ki, məqsəd kiberhücumlar və casusluq risklərinə qarşı təhlükəsizliyi gücləndirməkdir. Xüsusilə “Huawei” və ZTE şirkətlərinin avadanlıqlarının potensial təhlükə yaratdığı bildirilir.

Yeni mexanizm Komissiyaya üzv dövlətlərlə birgə konkret istehsalçılar üzrə risk qiymətləndirilməsi aparmağa imkan verəcək. Əgər hansısa şirkət yüksək riskli təchizatçı kimi tanınarsa, onun texnologiyasının Aİ ölkələrinin kritik infrastrukturunda istifadəsi qadağan ediləcək. Mövcud avadanlıqların isə mərhələli şəkildə dəyişdirilməsi nəzərdə tutulur.

Avropa Komissiyası təhlükəsizlik səbəbi ilə “Huawei” və ZTE avadanlıqlarından istifadənin dayandırılması ilə bağlı əvvəlki tövsiyələrinin bir çox ölkələr tərəfindən yerinə yetirilməməsindən narazılığını bildirib. Xüsusilə Almaniya və digər Avropa dövlətlərində bu şirkətlərin komponentləri illərdir mobil şəbəkələrin əsas hissəsini təşkil edir.

Qeyd edək ki, Komissiya əvvəlki yoxlamalar zamanı “Huawei” və ZTE-ni Çinin mümkün təsiri səbəbindən artıq yüksək riskli təchizatçılar kimi müəyyənləşdirib. Yeni təşəbbüs Avropanın texnoloji təhlükəsizliyini gücləndirməyə yönəlib.