Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın ölkəsində gizli silahın mövcudluğu ilə bağlı açıqlamasını şərh edərkən, bu mövzuda əlavə izahların verilməsinin vacib olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, onun sözlərindən RIA Novosti sitat gətirib.
“Bu halda, yəqin ki, ABŞ prezidentinin konkret olaraq nəyi nəzərdə tutduğuna dair izahları eşitmək hələ qarşıdadır”, — deyə Peskov jurnalistlərə açıqlamasında vurğulayıb.
O əlavə edib ki, Rusiyanın bu məsələ ilə bağlı məlumatların toplanması və təhlili ilə məşğul olan müvafiq qurumları mövcuddur və onlar situasiyanı diqqətlə izləyirlər.
Xatırladaq ki, daha əvvəl Donald Tramp "News Nation2 telekanalına müsahibəsində ABŞ-ın “heç kimin bilmədiyi” silaha malik olduğunu bəyan etmişdi.
Tramp bu fikirləri ABŞ Silahlı Qüvvələrinin Venesuela prezidenti Nikolas Maduronun oğurlanması zamanı səs (akustik) silahından istifadə etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən səsləndirmişdi.