“Mançester Siti” klubunun futbolçuları azarkeşlərinə jest ediblər.
“İki sahil” “Manchester Evening News” nəşrinə istinadən xəbər verir ki, “şəhərlilər”in futbolçuları Çempionlar Liqasının 7-ci turunda Norveçdə “Bodo Qlimt”ə 1:3 hesabı ilə uduzduqları oyunda şaxtalı havaya baxmayaraq komandanı tək qoymayan azarkeşlərin bilet pullarını geri qaytarmaq qərarına gəliblər.
Komandanın futbolçuları uğursuz keçən səfər matçından sonra azarkeşlərə müraciət ediblər:
“Azarkeşlərimiz bizim üçün hər şeydir. Bizi həm evdə, həm də səfərdə dəstəkləmək üçün dünyanı gəzən azarkeşlərimizin hansı fədakarlıqlar etdiyini bilirik və bunu heç vaxt adi hal kimi qəbul etmirik. Onlar dünyanın ən yaxşı azarkeşləridir. Başa düşürük ki, bizim üçün çətin keçən həmin axşamda, şaxtalı havada bizi dəstəkləmək üçün uzun yol qət etmişdilər. Bodo şəhərinə gələn azarkeşlərin bilet pulunu geri qaytarmaqla onlara kiçik də olsa dəstəyimizi göstərmək istəyirik ”.
Nəşrin məlumatına görə, futbolçular azarkeşlərə ümumilikdə 9357 funt sterlinq (təxminən 10 760 avro) məbləğində ödəniş edəcəklər.