22 yanvar 2026 13:32
103

46 günlük əmək məzuniyyəti kimlərə şamil olunur? - AÇIQLAMA

46 günlük əmək məzuniyyəti anlayışı tamamilə yeni deyil və Əmək Məcəlləsinin 120-ci maddəsində bu barədə maddə nəzərdə tutulub. Lakin Əmək Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, azı 46 təqvim günü əmək məzuniyyəti hüququ olan işçilərin dairəsi genişləndirilib.

Bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Vəli Quliyev mətbuat konfransında Əmək Məcəlləsinə edilən yeniliklərdən biri də 46 günlük əmək məzuniyyəti anlayışıdır. Bu barədə nə deyə bilərsiniz? 46 günlük əmək məzuniyyəti kimlərə şamil olunur? sualına cavabında bildirib. 

Onun sözlərinə görə, yeni tənzimləməyə əsasən, bu məzuniyyətdən istifadə hüququ olan şəxslərin siyahısına əlavə kateqoriyalar daxil edilib:
* Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı, habelə 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrinin icrası və ya Çernobıl AES-də xidmətlə bağlı səbəblər nəticəsində əlilliyi müəyyən edilmiş işçilər;
* Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış işçilər;
* Döyüş əməliyyatları aparılan ölkələrdə hərbi xidmət borcunu yerinə yetirmiş və sonradan əmək fəaliyyətinə cəlb olunmuş şəxslər;
* Azərbaycan Respublikasının ən yüksək dövlət təltiflərinə layiq görülmüş işçilər.
Qeyd olunan dəyişikliklər sosial ədalətin təmin edilməsinə, xüsusilə dövlət və xalq qarşısında xüsusi xidmətləri olan şəxslərin əmək hüquqlarının daha güclü şəkildə qorunmasına xidmət edir.

Yaqut Ağaşahqızı, “İki sahil”