22 yanvar 2026 21:08
99

Özünə yadlaşmanın psixoloji adı: Dismorfobiya

Dismorfobiya nədir?

Bəzən insanlar güzgüyə baxır, amma gördükləri simanın onlara aid olduğunu qəbul etmək istəmirlər. Hər kəs üçün adi görünən cizgilər həmin şəxs üçün narahatlığın, narazılığın və daxili konfliktin mənbəyinə çevrilir. Son illər psixoloji problemlər arasında getdikcə daha çox diqqət çəkən və səssiz şəkildə inkişaf edən bu problem dismorfobiya adlanır.

Dismorfobiya insanın öz xarici görünüşünü təhrif olunmuş şəkildə qavraması ilə xarakterizə olunan psixoloji problemdir. Səssiz şəkildə insanın düşüncələrini zəbt edən bu problem insanın özgüvən hissini zəiflədir və gündəlik həyatda insanlar arasında görünməz divarlar hörür. Sözügedən narahatlıq insanın xarici görünüşündə gerçək olmayan və ya əhəmiyyətsiz olan “qüsurları” şişirdərək qavraması ilə xarakterizə olunur. Bu hal təkcə estetik görüntüdən qaynaqlanan narazılıqla məhdudlaşmır. Bu problem insanın emosional vəziyyətinə, sosial münasibətlərinə və psixoloji sağlamlığına ciddi təsir göstərir. Daim özünü izləmək, başqalarının baxışlarından çəkinmək və özünü başqaları ilə müqayisə etmək bu pozuntunun əsas əlamətləri hesab olunur.

Qeyd etmək lazımdır ki, müasir həyat tərzi bu problemin dərinləşməsinə zəmin yaradır. Xüsusilə son illərdə geniş yayılan rəqəmsal platformalar gözəllik anlayışını dar çərçivəyə salaraq “ideal görünüş” təsəvvürünü formalaşdırır və bununla da insanların real gözləntilərini kölgədə qoyur. Filtrli fotolar, ideal bədən ölçülərini təbliğ edən paylaşımlar seçilmiş kadrlar və mükəmməl obrazlar real bədən müxtəlifliyini arxa plana keçirir. Bu mühitdə insanlar, xüsusilə də gənclər fərqində olmadan özlərini əlçatmaz standartlarla müqayisə etməyə başlayırlar. Sosial şəbəkələrdə formalaşan süni standartlar əksər insanların özlərini daim yetərsiz hiss etməsinə səbəb olur və nəticədə özünə inam zəifləyir, bədənlə bağlı narazılıqlar dərinləşir və dismorfobik düşüncələr üçün münbit şərait yaranır. Virtual aləmdə görünən “qüsursuzluq” gerçək həyatdakı insanları özlərini qeyri-kafi hiss etməyə məhkum edir. Xüsusilə yeniyetmələr və gənclər virtual məkandakı ideal obrazlarla özlərini müqayisə edərək psixoloji təzyiq altında qalırlar.

Psixoloqlar vurğulayırlar ki, dismorfobiya vaxtında diqqətə alınmadıqda depressiya, sosial təcrid və ciddi psixoloji pozuntularla nəticələnə bilər. Mütəxəssislər valideynləri və müəllimləri gənclərin rəqəmsal mühitlə münasibətlərinə diqqət yetirməyə, media savadlılığını artırmağa və real bədən müxtəlifliyini təşviq etməyə çağırırlar.

Qeyd olunur ki, sağlam özgüvənin formalaşması üçün rəqəmsal məkanın yaratdığı illüziyalara tənqidi yanaşmaq və psixoloji dəstək mexanizmlərini gücləndirmək vacibdir.

Bu problem necə yaranır?

Psixoloq Samirə Bağırova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, dismorfobiya özünü bəyənməmək, özgüvənsizlik deyil. Bu sindrom obsessiv və patoloji qavrayışdır: “Yəni, insan öz bədəninin müəyyən hissəsini normal olsa da, eybəcər kimi, qüsurlu kimi görür. Beyin real görünəni deyil, insanın özlüyündə yaratdığı obrazı görür. Yəni, əslində problem bədəndə deyil, şüurun  filter etməyindədir. Nevroloji baxımdan beyin səhv oxuyur. Çox kiçik qüsur olsa belə həddindən artıq fokus, tez- tez güzgüyə baxmaq, yaxud əksinə güzgüdən qaçmaq, özünü davamlı başqaları ilə müqayisə etmək, depressiya, asosiallıq, utanc, yaxud estetik müdaxilələrə meylin artması kimi təşviş pozuntuları yaranır.

Bu problemin yaranma səbəbini psixoloq belə açıqladı: “Yeniyetmə yaşında fərd öz bədəni ilə bağlı tənqidə məruz qalıbsa, başqaları ilə müqayisə edilibsə (valideynlər tərəfindən bacı-qardaş müqayisəsi, yaşıdları ilə müqayisə), utandırılıbsa və ya qınaq obyektinə çevrilibsə şüur özünümüdafiə mexanizmini işə salır.”

Samirə Bağırovanın sözlərinə görə, ən geniş yayılmış səbəblərdən biri də odur ki, sosial şəbəkələrdəki filtrli görüntülərlə estetik normaların daraldılması nəticəsində beynin “normal” anlayışını pozulur: “Nəticədə insanların əksəriyyəti filtirsiz, özlərinin təbii halını qəbul edə bilmirlər.

Qısası, dismorfobiya bədəndən başlamır. Bu problem insanın özünü təhlükəsiz hiss etmək ehtiyacından, özünün qəbul olunmama qorxusundan və  özünənəzarət illüziyasından doğur.”

Şahnigar Əhmədova, “İki sahil”