2025-ci ildə qeyri-leqal dövriyyədən 2024-cü illə müqayisədə 961 kiloqram çox olmaqla 5 ton 675 kiloqram narkotik vasitə çıxarılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində (DİN) 2025-ci ildə cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin olunmasına dair keçiriləm Kollegiya iclasında məlumat verilib.
Qeyd olunub ki, 272 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, onlayn satışla bağlı 2 ton 724 kiloqram narkotik vasitə aşkarlanıb. Qanunsuz kultivasiya edilən və yabanı halda bitən 294 tondan artıq çətənə və xaş-xaş kolu yığılaraq məhv edilib. Narkotiklərlə əlaqəli cinayətlər üzrə 88 cinayətkar qrup zərərsizləşdirilib.
Bununla yanaşı, internet resurslarının real vaxt rejimində monitorinqi davam etdirilib. Nəticədə dini radikalizmi və kriminal həyat tərzini təbliğ edən 954, narkotik vasitələrin onlayn satışı ilə məşğul olan 769, pornoqrafik materiallar yayan 272, kompüter virusları yayan 189, qanunsuz idman mərc oyunları təşkil edən 1.131 olmaqla ümumilikdə 3.315 sayt və sosial şəbəkə hesabı aşkarlanaraq bloklanıb.
Kollegiyada vurğulanıb ki, bu istiqamətdə qətiyyətli tədbirlər 2026-cı ildə də fasiləsiz davam etdiriləcək.