Zəngin lüğətçilik tarixi və ənənəsi olan Azərbaycan bu gün qlobal dünyaya öz milli-mənəvi dəyərləri, mədəniyyəti ilə inteqrasiya edir. AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə Türk dilləri şöbəsində “Müasir türk dillərinin ikidilli lüğəti” çap olunub.
“İki sahil” xəbər verir ki, lüğətin həmmüəllifləri professor İsmayıl Kazımov, dosentlər Şəkər Orucova, Təranə Şükürlü və Cahid Kazımovdur. Lüğətin rəyçiləri professor Rüfət Rüstəmov, Özbəkistandan professor Oqulay Türkmen, dosent Baba Məhərrəmli və Qazaxıstandan dosent Kuanışbek Kenjaindir.
Kitabın elmi redaktoru və “Ön söz”ünün müəllifi, Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli diqqətə çatdırır ki, hər dövrün öz tələbatı olduğu kimi, lüğətçiliyin də öz inkişaf qanunları və tələbləri var. Belə ki, zaman keçdikcə qohum dillərin müqayisəli lüğətlərinin ərsəyə gəlməsinə ehtiyac duyulur.
Türk dilli dövlətlərin ədəbiyyatı və mədəniyyətinin bir-biri ilə vəhdətdə zənginləşməsində və inkişaf etməsində, eləcə də birgə tədqiqatlar aparılmasında, dil əlaqələrinin genişlənməsində “Müasir türk dillərinin ikidilli lüğəti” böyük təkan verir. Lüğətin nəşri Azərbaycan, tatar, özbək, qazax və qaqauz dilləri arasında daha güclü, qüvvətli bir körpü qurmaq məqsədi daşıyır.
İlk dəfə hazırlanan bu lüğətin tərtibi Türk dünyası ölkələri arasında leksikoqrafiya sahəsində tarixi hadisədir.
“Tatarca-Azərbaycanca lüğət” İsmayıl Kazımov, “Azərbaycanca-qazaxca lüğət” Şəkər Orucova, “Azərbaycanca-özbəkcə lüğət” və “Özbəkcə-Azərbaycanca lüğət” Təranə Şükürlü, “Qaqauzca-Azərbaycanca lüğət” isə Cahid Kazımov tərəfindən hazırlanıb.
Dilçilik elminə, tərcümə sahəsinə dəyərli töhfə olan lüğət qohum dillərin müqayisəli tədqiqatı üçün dəyərli leksikoqrafik qaynaqdır. “Müasir türk dillərinin ikidilli lüğəti” Azərbaycan dilçiliyində leksikoqrafik təcrübənin ümumiləşdirilməsi və zəngin lüğətçiliyin inkişafında önəmli elmi dəyər daşıyacaq.