“Leonardo” (Sirena-Travel) qlobal bronlaşdırma sistemində ciddi nasazlıq yaranıb. Bu səbəbdən sərnişinlərin və baqajın qeydiyyatı, biletlərin rəsmiləşdirilməsi və qaytarılması, eləcə də əlavə xidmətlərin sifarişi müvəqqəti məhdudlaşdırılıb.
“İki sahil” Rusiya mediasına istinadla xəbər verir ki, problem bütün satış kanallarına, yəni aviaşirkətlərin rəsmi internet saytlarına, əlaqə mərkəzlərinə və agent şəbəkələrinə təsir göstərib. Nəticədə uçuş cədvəllərində dəyişikliklər və bronların emalında gecikmələr mümkündür ki, bu da yaxın günlərdə səfəri planlaşdıran sərnişinlər üçün narahatlıq yarada bilər.
“Leonardo” (Sirena-Travel) bronlaşdırma sistemində baş verən qlobal nasazlıqla əlaqədar aviaşirkətin bütün satış kanallarında (sayt, əlaqə mərkəzi, agentlər) sərnişin və baqajın qeydiyyatı, biletlərin rəsmiləşdirilməsi, yenidən rəsmiləşdirilməsi və qaytarılması, həmçinin əlavə xidmətlər müvəqqəti məhdudlaşdırılıb. Uçuş cədvəlində dəyişikliklər mümkündür”, – deyə “Aeroflot”dan bildirilib.
Oxşar məlumatlar “Rusiya”, “Pobeda”, “AZUR air” və digər Rusiya aviaşirkətlərindən də daxil olub. Bu isə problemin genişmiqyaslı olduğunu və bütün sahənin fəaliyyətinə təsir göstərdiyini göstərir.