30 yanvar 2026 19:59
119

Prezident Sərəncamının işığında - “Mən yoxsullar şairiyəm...”

Ölkə Prezidenti İlham Əliyev böyük şairimiz Əfzələddin Xaqaninin 900 illik yubileyinin təntənəli surətdə qeyd edilməsi üçün xüsusi Sərəncam imzalayıb.

Azərbaycanın böyük şairi Əfzələddin Xaqani Şirvani 1126-cı ildə Şamaxıda anadan olub. Əsl adı İbrahimdir. Xaqani onun təxəllüsüdür. Əfzələddin 8 yaşında atasını itirib. Dövrünün tanınmış alimi və loğmanı olan əmisi Kafiəddin Ömər Osmanoğlunun maddi himayəsi və tərbiyəsi altında böyüyərək təhsil almışdır.

Xaqani Nizami Gəncəviyə qədər olan XII əsr ədəbiyyatımızın ən qüdrətli nümayəndəsidir. O, ədəbiyyata yüksək sənətkarlıq, güclü siyasi-ictimai, humanist məzmun gətirmişdir. Gənc yaşlarından başlayaraq gözəl şeirlər yazmışdır. O, həmişə ədalətin, inamın, həqiqətin, gözəlliyin carcısı olmuş, hər cür şəri rədd etmişdir. İyirmi beş yaşında ikən Şirvanşahların "məlik üş-şüəra"sı Əbül-üla Gəncəvinin dəvəti ilə saraya gəlmiş, onun qızı ilə evlənmiş, Əbül-ülanın ona verdiyi "Xaqani" təxəllüsü ilə qiymətli əsərlər yaratmışdır. Sarayda xidmət etdiyi illərdə poeziyasındakı sərt fikirləri, eyni zamanda, istismarçılara qarşı davranışı çoxlarını təşvişə salmışdır. Sarayda sıxıntı çəkən və "qanadı qırılmış quş kimi dəmir qəfəsdə" hiss edən şair oradan yaxasını qurtarmaq üçün Məkkə səfərinə getmişdir. Məkkəni, Mədinəni, Bağdadı, digər şəhərləri gəzmiş, əsərlərində yad diyarlarda ona olan hörmət və ehtiramdan ətraflı söhbət açmışdır. Səyahətinin nəticəsi olaraq "Mədain xərabələri" adlı məşhur fəlsəfi qəsidəsini yazmışdır. Bu əsərində şair Sasani şahlarının xaraba qalmış  saraylarının timsalında müasirlərini ibrət götürməyə çağırmışdır.

Xaqani Şirvanı klassik Şərq poeziyasının bütün janrlarında yüksək sənətkarlıq nümunələri yaratmışdır. Əsərləri tezliklə Yaxın və Orta Şərq ölkələrinə yayılaraq müasirlərinin nəzərini cəlb etmişdir. O, Yaxın Şərq ədəbiyyatı tarixində epik poeziyanın ilk görkəmli nümunəsi sayılan "Töhfət ül-İraqeyn" adlı poemasını yazmışdır. 1157-ci ildə yazılmış bu əsərdə şair səfər təəssüratları ilə yanaşı, xalqların həyatından aldığı bilgiləri də təsvir etmişdir. "Düşmənləri tənqid", "Günəşə xitab", "Qızıla məzəmmət" başlıqlı hissələr oxucunu heyran edir. Şair saflığın, işığın, hərarətin, ucalığın rəmzi olan günəşi dünyanın xilaskarı sayır, ondan yardım diləyir. "Töhfət-ül-İraqeyn" əsəri Azərbaycan ədəbiyyatı tarixində ilk poemadır. Əsərin əsas qəhrəmanı şairin özüdür. Poemada düşünən də, sevinən də, fəxr edən də, qəzəblənən də şairin özüdür.

Xaqani Şirvani bədxah saray şairlərinin hücumu nəticəsində 1170-ci ildə həbs olunaraq Şabran qalasına salınmış, yeddi ay həbsdə qalandan sonra azad edilmişdir. Bütün əzab-əziyyətlərə dözməyən şair 1173-cü ildə ailəsi ilə birlikdə Şirvanı tərk etmiş, Təbrizə köçərək ömrünün axırına qədər orada yaşamışdır. Onun həyatının son illəri müsibətlərlə dolu keçib. Çox sevdiyi ailə üzvləri-iyirmi yaşlı oğlu, qızı və həyat yoldaşı bir-birinin ardınca vəfat edib. Qoca şair tamamilə tək qalıb. O, 1199-cu ildə vəfat edib və Təbriz şəhəri yaxınlığında Surxab qəbristanında dəfn edilib. Şairin məzarı “Şairlər məqbərəsi” adlanan yerdədir. 

Xaqani Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınıb. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulub. Xaqani yaradıcılığında Azərbaycan poeziya məktəbinin öz əksini tapan xüsusiyyətlərindən biri də türklüyə dərin məhəbbətdir. Sonralar Nizami yaradıcılığında bu xüsusiyyət özünün zirvəsinə çatıb. Xaqani Şirvani olduqca mürəkkəb yaradıcılığa və özünəməxsus bədii ifadə tərzinə malik bir şair idi. Azərbaycan klassikləri arasında ancaq o, əruz vəzninin, demək olar ki, bütün bəhrləri üzrə şeir yazıb. Xaqani qüdrətli bir sənətkar olduğundan öz dövründə və sonrakı əsrlərdə geniş şöhrət qazanıb. Azərbaycanın və Yaxın Şərqin bir çox adlı-sanlı şairləri onu özlərinə ustad hesab edib və ayrı-ayrı əsərlərinə iftixarla nəzirələr yazıblar.

Xaqani ənənələrini davam etdirən şairlər arasında Azərbaycan şeirində inqilabi satiranın böyük siması Mirzə Ələkbər Sabir də var. Sabir şeir yaradıcılığında Nizami ənənələri ilə birlikdə Xaqaninin mübariz üsyankar ruhunu yaşatmağa çalışıb, onun əsərləri və həyatı ilə yaxından maraqlanıb. 

Xaqani Şirvani yalnız Azərbaycanın yox, bütün yaxın Şərq ədəbi-ictimai fikrinin XII əsrdə yetirdiyi ən görkəmli simalardan biri, sənətinin bəzi əzəmətli keyfiyyətləri ilə birincisidir. Tədqiqatçılar haqlı olaraq onu ədəbiyyatımızda fəlsəfi qəsidənin banisi, ilk və ən güclü məsnəvilərin, incə ruhlu lirik qəzəllərin və müdrik rübailərin, nəhayət, mənzum səyahətnamənin yaradıcısı kimi çox yüksək qiymətləndirirlər.

Xaqani Şirvaninin əsərləri tədqiq edildikdə onun öz dövründəki elmlərə yaxşı bələd olduğu ortaya çıxır. Azərbaycanın tanınməş ədəbiyyatşünas  alimlərindən Məhəmmədəli Tərbiyət Xaqaninin elmləri necə dərindən bildiyi barədə qeyd edir: “Xaqani Şirvani öz dövrünün işlənməkdə olan elmlərinin çoxuna, xüsusən də hikmət, nücum, müsiqi elmlərinə yaxşı bələd idi. Onun əsərlərində bu elmlərdən çox istilahlar var, buradan məlum olur ki, o, tarixi də yaxşı bilirdi. Xaqani Şirvani qəsidəsinin birində bu barədə yazır: “O hansı elmdir ki, mən onu bilmirəm? Məni sınamaq istəyirsənsə, əsərlərimə diqqət et”. Xaqani bu fikri ərəb dilində yazdığı bir əsərində də təkrar edərək yazır: “Mən elmlə şərafətlənib onun sayəsində şöhrət tapıram”.

Tədqiqatlarda Xaqani Şirvani ilə Nizami Gəncəvi arasında səmimi dostluq əlaqələrinin olduğu barədə maraqlı məlumatlar var. Xaqani və Nizami yaradıcılığı bir-birini təsdiq edən, tamamlayan, eyni bir dövrün poetik əks-sədası olan iki qüdrətli poetik mənbədir. Hər iki sənətkar dövrün ən mühüm məsələlərində eyni mövqedə dayanır, şərə, dövrün eybəcərliyinə, nadanlığa eyni mövqedən qarşı çıxır, eyni ideallarla çıxış edirlər.

Hər iki şair dövrünün hünərsiz, nadan hakimlərindən narazılıqda da həmrəydir. Hər iki şairin yaradıcılığında güclü bir inkarçılıq ruhu vardır.  Xaqaninin “Töhfətül-İraqeyn”, “Mədain xərabələr” və başqa əsərlərində, Nizaminin “Xəmsə”sində və lirik əsərlərində gözəlliyi təsdiqə istiqamətlənən bu inkarın parlaq nümunələri ilə qarşılaşırıq. Xanəndələrimiz bu gün də onun qəzəllərini muğamlarda şövqlə ifa edirlər.

“Mən yoxsullar şairiyəm, xəlqaniyəm, xəlqani” deyən görkəmli söz ustası halal əməyi yüksək qiymətləndirmiş, əsərlərində daim yoxsulları müdafiə etmiş, zülm altında əzilənlərin yanında olmuşdur.

Vəli İlyasov, “İki sahil”