30 yanvar 2026 17:20
120

Süni intellekt süd vəzi xərçənginin erkən aşkarlanmasını yaxşılaşdıra bilər

İsveçli alimlər süni intellektin (Sİ) süd vəzi xərçənginin aşkarlanması üçün aparılan skrininq prosesində istifadəsinin bu xəstəliyin gec mərhələdə diaqnostika olunması ehtimalını 12 faiz azalda biləcəyini müəyyən ediblər.

“İki sahil” xəbər verir ki,  Lund Universiteti və Skone Universitet Xəstəxanasının tədqiqatçıları bununla bağlı araşdırmanı nüfuzlu tibbi jurnal olan "The Lancet"də dərc ediblər.

Tədqiqatda mammoqrafik skrininqdən keçən 100 min qadın iştirak edib. Çəkilən görüntülərin bir hissəsi ənənəvi qaydada iki rentgenoloq tərəfindən təhlil olunub, digər hissəsi isə əlavə olaraq süni intellekt sistemləri vasitəsilə araşdırılıb. Araşdırmalar 2021-ci ilin aprelindən 2022-ci ilin dekabrınadək aparılıb.

Skrininqdən sonrakı illərdə aparılan müşahidələr göstərib ki, süni intellektdən istifadə olunan qrupda süd vəzi xərçəngi hər min qadından 1,55-də aşkarlanıb. Nəzarət qrupunda isə bu göstərici hər min nəfərə 1,76 təşkil edib. Alimlərin qənaətinə görə, görüntülərin süni intellektlə təhlili xərçəngin daha erkən mərhələdə müəyyən edilməsinə imkan yaradıb və gec diaqnoz halları 12 faiz azalıb.

Lund Universitetinin rentgenoloq-mammoloqu Kristina Lanq bildirib ki, süni intellektlə dəstəklənən mammoqrafiya süd vəzi xərçənginin, o cümlədən daha aqressiv alt tiplərinin erkən mərhələdə aşkar olunmasına kömək edir və eyni zamanda rentgenoloqların iş yükünü azaldır. Bununla yanaşı, o vurğulayıb ki, skrininq prosesində süni intellekt alətləri ehtiyatla tətbiq edilməli, onların effektivliyi daim yoxlanılmalı və qərarvermə tam şəkildə yalnız bu texnologiyalara həvalə edilməməlidir.