31 yanvar 2026 09:09
137

NYT: ABŞ-da immiqrasiya agentlərinin ordersiz saxlama səlahiyyətləri genişləndirilib

ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti öz agentlərinin order olmadan insanları həbs etmək səlahiyyətlərini genişləndirib.

“İki sahil” xəbər verir ki, bu barədə daxili sənədləri əldə etmiş "The New York Times" (NYT) qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, bu yenilik federal agentlərin səlahiyyətlərini artırır. Belə ki, əvvəllər agentlər konkret bir şəxsin həbsi üçün order alaraq hədəfli saxlamalar həyata keçirirdilər. İndi isə xidmət əməkdaşları reydlər zamanı bir şəxsin ölkədə qanunsuz olması və həbs orderi hazırlanan müddətdə qaça biləcəyi barədə şübhələri yaranarsa, onu dərhal saxlaya biləcəklər.

NYT yazıb ki, əvvəllər bu cür hərəkətlər yalnız immiqrasiya xidməti agenti şübhəlinin gələcəkdə mühakimə olunmaqdan yayına biləcəyini (məsələn, dinləmələrə gəlməyəcəyini) güman etdikdə mümkün idi. Qəzet qeyd edib ki, xidmətin direktoru vəzifəsini icra edən Todd Leyons belə yanaşmanı "əsassız" və "yanlış" hesab edib. İndi isə, əgər ICE əməkdaşı orderin verildiyi an şəxsin "aşkarlandığı yerdə və ya digər konkret yerdə tapılmayacağına" qərar verərsə, order tələb olunmayacaq.

NYT-nin rəyini soruşduğu ekspertlərin fikrincə, bu cür təfsir həbs orderinin verilməsini faktiki olaraq mənasız edəcək və federal agentlərə,demək olar, istədikləri hər kəsi saxlamağa imkan verəcək.