İsrailin Eylat şəhərindən çıxdıqdan sonra ABŞ-nin raketli eskadrilyası "USS Delbert D. Black" və İsrailin "Sa`ar 5" sinifli "INS Eilat" korveti Qırmızı dənizdə planlı təlimlər keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə "The Times of Israel" ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığına (NAVCENT) istinadən məlumat yayıb.
İsrailin Müdafiə Ordusu bildirib ki, təlimlər İsrail Hərbi Dəniz Qüvvələri ilə ABŞ-nin 5-ci donanması arasında Qırmızı dənizdə davam edən əməkdaşlıq çərçivəsində baş tutub.
Qeyd olunub ki, eskadrilyanın Eylata gəlişi ABŞ Prezidenti Donald Trampın İranda etirazların sərt şəkildə yatırılması ilə bağlı ölkəyə hücum etmək təhdidləri, həmçinin İranın İsrailə və ABŞ-yə cavab zərbəsi endirmək təhdidləri ilə əlaqədar regional gərginlik fonunda baş verib.
Lakin İsrail hərbçilərinin məlumatına görə, eskadrilyanın gəlişi iki ölkənin strateji əməkdaşlığı çərçivəsində planlaşdırılmış, adi bir hadisədir.