02 fevral 2026 21:40
116

Almaniyada ictimai nəqliyyat işçiləri birgünlük tətil ediblər

Almaniyada Xidmət İşçiləri Həmkarlar İttifaqının (Ver.di) birgünlük xəbərdarlıq tətili ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

“İki sahil” xəbər verir ki, tətil gecə saat 03:00-dan başlayaraq Aşağı Saksoniya əyaləti istisna olmaqla ölkənin bütün bölgələrini əhatə edib, avtobus, tramvay və metro reysləri ləğv olunub. “Alman Dəmir Yolları” (Deutsche Bahn) şirkətinə məxsus şəhərətrafı və qısaməsafəli qatarlar adi qrafiklə fəaliyyətini davam etdirib.

“Ver.di” həmkarlar ittifaqı iş saatlarının azaldılması, növbələrin qısaldılması, istirahət fasilələrinin uzadılması, gecə və həftəsonu işlərinə görə əlavə ödənişlərin artırılmasını tələb edir. Tətil xüsusilə həftənin ilk iş günündə, bəzi əyalətlərdə əlverişsiz hava şəraiti fonunda milyonlarla insanın işə və məktəbə getməsində ciddi çətinliklər yaradıb.