Venesuela Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında səsvermə hüququnu itirib.
Bu barədə Baş Assambleyası Prezidentinin sözçüsü Şaron Birç bildirib.
Sözçü qeyd edib ki, məsələ BMT Nizamnaməsinin 19-cu maddəsi ilə tənzimlənir. Maddəyə əsasən, üzv dövlətin təşkilata maliyyə öhdəlikləri üzrə borcu əvvəlki iki tam ilin üzvlük haqlarının məbləğinə bərabər və ya ondan artıq olarsa, həmin ölkə Baş Assambleyada səsvermə hüququndan məhrum edilir.
Birç vurğulayıb ki, burada əsas meyar sadəcə gecikmə deyil, iki il ərzində faktiki olaraq heç bir ödəniş edilməməsidir. Əgər ölkə borcunun bir hissəsini ödəyərsə, bu məbləğ ən köhnə borclara tətbiq olunur və bu halda səsvermə hüququ qorunub saxlanıla bilər. Eyni zamanda, ölkə ödəniş edə bilməməsinin onun nəzarətindən kənar çətinliklərlə bağlı olduğunu sübut edə bilsə, Baş Assambleya istisna tətbiq edə bilər.
Xatırladaq ki, məsələ BMT Baş katibi Antoniu Quterreşin 17 fevral 2025-ci il tarixli və Baş Assambleya Prezidentinə ünvanlanmış rəsmi məktubunda da əksini tapıb. Sənəd Baş Assambleyanın 11-ci fövqəladə xüsusi sessiyası çərçivəsində yayımlanıb.
Məktubda qeyd olunur ki, hazırda 9 üzv dövlət 19-cu maddə çərçivəsində borclu sayılır. Həmin ölkələr borclarını son iki ilin ümumi ödəniş məbləğindən aşağı səviyyəyə endirmək üçün minimum ödəniş etməlidirlər. Siyahıda Əfqanıstan, Boliviya, Kabo-Verde, Konqo, Ekvador, Qrenada, Qvineya-Bisau, San-Tome və Prinsipi, Venesuela (Bolivar Respublikası). Sənədə əsasən, Venesuelanın borcunu tələb olunan həddən aşağı salmaq üçün etməli olduğu minimum ödəniş 115 702 476 ABŞ dollarıdır. Qeyd olunur ki, San-Tome və Prinsipi ilə bağlı Baş Assambleya ayrıca qərarla müəyyən müddətə səsvermə hüququnun saxlanmasına icazə verib, lakin Venesuela ilə bağlı belə istisna göstərilmir.

"Report"