03 fevral 2026 14:57
204

SOCAR-ın nəzdində Əməliyyat Texnologiyaları Akademiyası fəaliyyətə başlayıb - FOTO

SOCAR ilə “Honeywell” şirkəti arasında əməkdaşlıq çərçivəsində Bakı Ali Neft Məktəbində yaradılan Əməliyyat Texnologiyaları Akademiyasının açılışı olub.

“İki sahil” xəbər verir ki, Akademiya SOCAR-ın 2035-ci ilə kimi təsdiqlənmiş Korporativ Strategiyasına uyğun olaraq insan kapitalının inkişafı və rəqəmsallaşma istiqamətində növbəti mühüm addım hesab olunur.

Yeni yaradılan Akademiya SOCAR-ın istehsalat sahələrində rəqəmsal transformasiyanın sürətləndirilməsinə, əməliyyat təhlükəsizliyinin və etibarlılığının artırılmasına, eləcə də mühəndis-texniki heyətin müasir avtomatlaşdırma və idarəetmə sistemləri üzrə bilik və bacarıqlarının sistemli şəkildə inkişaf etdirilməsinə xidmət edəcək. Akademiya real istehsalat mühitini simulyasiya edən müasir təlim infrastrukturu vasitəsilə əməkdaşlara mürəkkəb avtomatlaşdırma proseslərini təhlükəsiz şəraitdə öyrənmək və sınaqdan keçirmək imkanı yaradır. Açılış mərasimində qonaqlar təlim-simulyasiya avadanlıqlarının iş prinsipi, həmçinin mərkəzin təmirdən əvvəlki və sonrakı vəziyyəti barədə ətraflı məlumatlandırılıblar.

Bu təşəbbüs SOCAR-ın istehsalat proseslərinin rəqəmsallaşdırılması ilə yanaşı, əməkdaşlarının da rəqəmsal bacarıqlarının inkişafına verdiyi prioritetin, eləcə də gələcəyə və innovasiyaya fokuslanan yanaşmasının daha bir real göstəricisidir.

Qeyd edək ki, qlobal texnologiya şirkəti olan “Honeywell” qabaqcıl avtomatlaşdırma, təhlükəsizlik və mühəndislik həlləri üzrə ixtisaslaşıb.