Sudan ordusu ölkənin mərkəzində yerləşən Cənubi Kordofan vilayətinin Kaduqli şəhərinin mühasirəsini yararaq şəhərə daxil olub.
“İki sahil” xəbər verir ki, Sudan Silahlı Qüvvələrinin Baş Komandanı Əbdülfəttah əl-Burhan bundan sonra Çevik Dəstək Qüvvələrinin nəzarətində olan Darfur vilayətinin tezliklə azad ediləcəyini bildirib.
“Sudan xalqını təbrik edirik. Qüvvələrimiz Kaduqlinin mühasirəsini yarıblar. Çevik Dəstək Qüvvələrinin şəhərləri işğalı davam etdikcə atəşkəsdən söhbət gedə bilməz”, - deyə əl-Burhan deyib.
O bildirib ki, ordu sülh çağırışlarına cavab verir, amma bu, sudanlıların qanı hesabına olmayacaq.
BMT-nin məlumatına görə, döyüşlər başlanandan əhalinin 80 faizi və ya 147 min nəfər Kaduqli şəhərindən qaçaraq qonşu şəhərlərə sığınıb. Qaçqınlar üzrə Norveç Şurasının Baş katibi Yan Egeland Cənubi Kordofanı “Sudanda ən təhlükəli və diqqətdən kənar qalan cəbhə” adlandıraraq orada sakinlərin aclıqla əlaqədar şəhərləri tərk etdiyini bildirib.