04 fevral 2026 07:22
145

ABŞ Əlcəzairi sanksiyalarla hədələyib

Ağ Ev Rusiyadan qırıcı təyyarələr alması ilə əlaqədar Əlcəzairə qarşı sanksiyalar tətbiq edə bilər.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Departamentinin Yaxın Şərq İşləri Bürosunun rəhbəri Robert Palladino dünən ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin dinləmələrində bildirib.

"Bu barədə mediada xəbərlər gördük və onlar narahatedicidir. Dövlət Departamenti "Amerikanın Düşmənlərinə Sanksiyalar Vasitəsilə Qarşı Mübarizə" qanununun tətbiqinə sadiqdir və qeyd etdiyiniz kimi əməliyyatlar bu qərara səbəb ola bilər. Biz bunu yaxından izləyəcəyik",-deyə Robert Palladino bildirib.

O əlavə edib ki, məsələni senatorlarla bağlı qapılar arxasında daha ətraflı müzakirə edə bilər. Diplomat ABŞ-nin Əlcəzairin Rusiya hərbi texnikası almasını əngəlləmək üçün gördüyü tədbirlərdən danışarkən əlavə edib:

"Biz Əlcəzair hökuməti ilə razılaşdığımız məsələlərdə çox sıx əməkdaşlıq edirik. Əlbəttə ki, bir çox məsələdə fikir ayrılığımız var və bu, ABŞ-ın problem hesab etdiyi şeylərin nümunəsidir. Biz maraqlarımızı qorumaq və qəbuledilməz hərəkətləri dayandırmaq üçün diplomatik təsirlərimizdən, çox vaxt şəxsi münasibətlərimizdən istifadə edirik".