04 fevral 2026 10:08
105

“Hraparak”: Alen Simonyan Moskva səfərindən əvvəl geri addım atıb

Ermənistan parlamentinin sədri Alen Simonyan növbəti ezamiyyətinə də öz “sevimli” deputatlarının müşayiəti ilə gedir.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Simonyan bu gün üçgünlük səfərlə Moskvaya yola düşür.

“Nümayəndə heyətinin tərkibində onu daim müşayiət edən Hasmik Hakobyan, Sisak Qabrielyan və parlamentin regional və Avrasiya inteqrasiyası məsələləri üzrə komissiyasının sədri Vağarşak Hakobyan yer alır. Bundan başqa, aparatın tərkibindən daha 7 nəfər də heyətə daxildir.

Anti-Rusiya bəyanatları ilə tanınan Alen Simonyan səfərə sayılı günlər qalmış əvvəlki sərt ifadələrindən “geri çəkilib”. O, bir neçə gün əvvəl verdiyi müsahibədə jurnalistə “hibrid müharibə” ifadəsindən imtina etməyi tövsiyə edib, çünki “müharibə”nin yaxşı termin olmadığını bildirib və hakim “Vətəndaş Müqaviləsi” partiyasının Rusiyanın Ermənistana qarşı hibrid müharibə apardığına dair açıqlamalarını təkrarlamayıb”, - deyə KİV bildirib.

Nəşr yazıb ki, səfər çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş də planlaşdırılır.

“Lavrov son mətbuat konfransında Ermənistan hakimiyyətinin “hibrid müharibə” adı altında Qərbdən maliyyə almaq və ruslara qarşı təbliğat aparmaq niyyətlərinə toxunmuşdu”, - deyə KİV qeyd edib.