Amerikalı iş adamı İlon Mask tarixdə sərvəti 800 milyard ABŞ dollarını keçən ilk insan olub.
“İki sahil” xəbər verir ki, bu barədə "Forbes" jurnalının dərc etdiyi qiymətləndirmədə bildirilir.
Məlumata görə, Maskın sərvətindəki kəskin artım onun nəzarətində olan raket istehsalçısı SpaceX-in ona məxsus süni intellekt şirkəti xAI-ni satın alması ilə əlaqədardır. Sözügedən razılaşma nəticəsində sahibkarın ümumi kapitalı 84 milyard dollar artaraq 852 milyard dollara çatıb.
Forbes qeyd edir ki, bu göstərici indiyədək heç bir şəxsin rəsmi olaraq çatmadığı tarixi rekorddur. Analitiklərin fikrincə, SpaceX-in dəyərinin sürətlə yüksəlməsi və xAI ilə birləşməsi Maskın sərvətinin belə qısa müddətdə kəskin artmasına əsas səbəb olub.
Hazırda İlon Mask dünyanın ən varlı insanları siyahısında liderliyini böyük fərqlə qoruyur. Ekspertlər hesab edirlər ki, şirkətlərinin bazar dəyəri bu templə artmağa davam edərsə, Mask yaxın gələcəkdə tarixdə ilk trilyonçu ola bilər.