11 fevral 2026 20:02
121

Hava şəraiti ilə əlaqədar agentlik gücləndirilmiş iş rejimində çalışır - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

AAYDA-dan “İki sahil”ə verilən məlumata görə, Agentliyin balansında olan bütün avtomobil yolları, xüsusilə dağlıq və dağətəyi ərazilərdən keçən magistral və respublika əhəmiyyətli yollar fasiləsiz nəzarət altında saxlanılır. Qar yağması və buzlaşma ehtimalı olan sahələrdə vəziyyət operativ şəkildə izlənilir, zərurət yarandığı hallarda dərhal xüsusi təyinatlı qar təmizləyən və duz-qum qarışığı səpən texnika, həmçinin canlı qüvvə əraziyə cəlb olunur.

Məqsəd yol hərəkətinin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək, vətəndaşların rahat və maneəsiz şəkildə mənzil başına çatmasına şərait yaratmaqdır.

Görülən tədbirlərin koordinasiyalı və çevik şəkildə həyata keçirilmə birbaşa agentliyin rəhbərliyinin nəzarəti altındadır. Bütün tabeli strukturlarda növbətçilik sistemi təşkil olunub, əməkdaşlar gücləndirilmiş rejimdə çalışır.

Bundan əlavə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Çağrı Mərkəzi (012) 599-79-75 nömrəsi vasitəsilə 24 saat fasiləsiz fəaliyyət göstərir. Yollarda qar yağması, buzlaşma və ya digər hava şəraiti ilə bağlı baş verən hadisələr operativ şəkildə qeydə alınaraq dərhal agentliyin aidiyyəti strukturlarına yönləndirilir.

Hazırda bütün avtomobil yollarında vəziyyət nəzarətdədir və təhlükəsizliyin təmin olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.