12 fevral 2026 23:37
105

Azərbaycanın daha bir təhlükəsizlik çətiri

ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması qlobal mövqelərimizi möhkəmləndirəcək önəmli amildir

Xalqımız daha bir tarixi hadisənin şahidi oldu. Belə ki, fevralın 10- da Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens tərəfindən hər iki ölkənin hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalandı. Bu mötəbər sənədi həm regional, həm də beynəlxalq miqyasda ölkəmiz üçün  bir  təhlükəsizlik çətiri də hesab etmək olar. Xüsusilə sözügedən sənədə əsasən tərəflər müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatəsini genişləndirmək, benəlxalq terrorçuluğu qarşı birgə mübarizə aparmağı  bir vəzifə kimi irəli sürüblər.

Eyni zamanda, burada kibertəhlükəsizlik və mühüm infrastrukturların mühafizəsi sahəsində bacarıqların artırılması üzrə əməkdaşlıq da nəzərdə tutulur. Belə ki, ABŞ Azərbaycanın mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, humanitar minatəmizlənmə sahəsində maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə potensialın artırılmasında əməkdaşlıq etmək istəyindədir. Xartiyaya görə, Azərbaycan və ABŞ Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək iddiasındarlar.

Prezidenti İlham Əliyev Tərəfdaşlıq Xartiyasının imzalanması zamanı bu barədə deyib: «Biz Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına çox minnətdarıq. Bu gün Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması mərasimi çox ürəkdən aparılmış işin nəticəsidir». Həmçinin vurğulanıb ki, 2025-ci ilin avqustunda ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda tarixi görüş və bu Xartiyanın tərtib edilməsi ilə bağlı işçi qrupunun yaradılması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. Xartiyada  qeyd edilib ki, tərəflər Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq iştirakçı ölkələrə beynəlxalq və ölkədaxili bağlantı üçün qarşılıqlı faydaları təmin etməklə, Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi «Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu»nun (TRIPP) əhəmiyyətini  yüksək dəyərləndirirlər.

Prezident İlham Əliyev sözügedən sənədin imzalanması mərasimindən sonra ABŞ-ın Vitse-prezidenti Cey. Di. Venslə mətbuata birgə bəyanatında Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur: «İmzaladığımız sənəddə bizim əməkdaşlığımızın müxtəlif istiqamətləri var. Biz, həmçinin təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirəcək, antiterror əməliyyatlarında əməkdaşlıq edəcəyik. Biz, həmçinin enerji təhlükəsi ilə bağlı məsələlərdə işbirliyi quracağıq. Hazırda Azərbaycan öz təbii qaz ehtiyatları ilə 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir, onlardan 11-i NATO-nun üzvləridir və ABŞ-ın müttəfiqləridir».

Ölkəmizin başçısı bəyanatında  Zəngəzur (TRIPP) dəhlizinin səmərəliliyi barədə danışıb. Bildirib ki, bu marşrut nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, eyni zamanda, çox etibarlı, təhlükəsiz qaydada böyük daşımalar dəhlizinə çevriləcək. Dəhliz Azərbaycan və Ermənistan əraziləri vasitəsi ilə Asiyanı Avropa ilə birləşdirəcək və digər qonşular da burada iştirak edərək iqtisadi dividendlər əldə edəcəklər. Artıq bir neçə aydır ki, dövlətimiz öz ərazisindən Ermənistana yüklərin daşınmasına olan məhdudiyyəti aradan qaldırıb.  Həmçinin Ermənistana neft məhsullarının ixracına başlanılıb. Bu da, əslində, ticarətin və əməkdaşlığın başlanğıcı deməkdir. Bu barədə danışan Prezident İlham Əliyev deyib: «Ən vacib nəticələrdən biri və Tramp-Vens administrasiyasının bizim regionda göstərdiyi səylərdən biri TRIPP layihəsidir, Tramp marşrutu layihəsidir.»

Öz növbəsində ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens bildirib ki, Azərbaycanla ABŞ arasında yeni səhifələr açılır. Bu gün biz dostluğuna görə Azərbaycana təşəkkür etmək üçün buradayıq. Vens əlavə edib ki, «Prezident Donald Tramp və Prezident İlham Əliyevin sayəsində əlaqələrimiz çox inkişaf edəcək.»

Eyni zamanda, Vens Tramp administrasiyasının Türkiyə və İsraillə yaxşı münasibətlərə malik olduğunu xüsusi vurğulayıb. Bu fikir rəsmi Vaşiqtonun Cənubi Qafqazdakı  sülh prosesinə təkcə regional kontekstdə deyil, həm də bütövlükdə Avroatlantik inteqrasiyanın genişlənməsi layihəsinin tərkib hissəsi kimi baxdığını göstərir.

Qeyd edilməlidir ki, ötən il avqustun 8-də əsası qoyulan və Asiya ilə Avropanı birləşdirəcək mühüm logistika layihəsi kimi nəzərdə tutulan «Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu»nun reallaşması Azərbaycanın regional və qlobal mövqelərini daha da gücləndirəcək. Dünyanın ən güclü dövləti layihədə iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülhün təminatçısı rolunu oynayır, hər iki ölkənin müstəqilliyi və təhlükəsizliyi üçün əlavə zəmanət yaradır.

Bakı və Vaşinqton arasındakı Strateji Tərəfdaşlıq Xartiyasının digər önəmli tərəfləri isə yaxın gələcəkdə ölkəmizdə süni intellekt mərkəzlərinin yaradılması, Azərbaycanın su təminatının möhkəmləndirilməsi, eləcə də digər mühüm iqtisadi layihələri  əhatə etməsidir. Təbii ki, bütün bunlar Azərbaycanın regional və qlobal mövqeyini daha da möhkəmləndirəcək amillərdir.

Elçin Zaman, «İki sahil»