15 fevral 2026 01:48
86

ABŞ yeni miqrant saxlama mərkəzlərinə 38 milyard dollardan çox vəsait ayırmağı planlaşdırır

Vaşinqton administrasiyası qanunsuz immiqrantların deportasiyasını sürətləndirmək məqsədilə bir neçə ştatda yeni saxlanma mərkəzlərinin yaradılmasına 38,3 milyard dollar xərcləməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin sənədlərində bildirilir.

Sənədlərə əsasən, 2026-cı il noyabrın 30-dək səkkiz böyük və 16 kiçik saxlanma obyektinin yaradılması nəzərdə tutulur. Layihə Gömrük Mühafizəsi Xidmətinə eyni vaxtda 92 mindən çox miqrantı saxlamaq imkanı verəcək.

“Axios”un məlumatına görə, Merilend, Virciniya, Minnesota, Texas, Nyu-Hempşir və Nyu-York ştatlarında bu planlara etirazlar var.

ABŞ rəsmiləri ölkə tarixində ən genişmiqyaslı deportasiya əməliyyatını keçirmək niyyətində olduqlarını bildirirlər, siyasi rəqiblər isə administrasiyanı həddindən artıq sərt siyasətdə ittiham edirlər.