16 fevral 2026 11:04
62

Qarşıdakı dövrdə əsas məqsədlərdən biri rəqəmsallaşma, süni intellekt və data mərkəzlərinin inkişafıdır

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə ölkənin rəqəmsal inkişaf strategiyası və qarşıda duran əsas vəzifələr müzakirə olunmuşdur.

Dövlətimizin başçısı çıxışında qeyd etmişdir ki, Azərbaycan enerji və infrastruktur sahəsində böyük təcrübəyə malikdir. Xüsusilə neft-qaz sektorunda beynəlxalq şirkətlərlə əməkdaşlıq ölkəmizə mühüm bilik və idarəetmə bacarığı qazandırmış, bir çox iri layihələrin uğurla icrasına şərait yaratmışdır. Bu təcrübə Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir. Prezident vurğulamışdır ki, ölkəmiz əlverişli coğrafi mövqeyə malikdir. Azərbaycan Asiya ilə Avropa arasında yerləşir və Şimal-Cənub nəqliyyat dəhlizində mühüm rol oynayır. Düzgün həyata keçirilən siyasət nəticəsində bu üstünlük iqtisadi inkişafa xidmət edir.  Son 20 ildə Azərbaycanın enerji generasiya gücü təxminən iki dəfə artaraq 10 min meqavata çatmışdır. Qaz, hidro, Günəş və külək elektrik stansiyaları enerji təhlükəsizliyini təmin edir.

Hazırda təxminən 2 min meqavat istifadə olunmayan enerji gücü mövcuddur ki, bu da data mərkəzlərinin və rəqəmsal layihələrin həyata keçirilməsi üçün geniş imkan yaradır. Azərbaycan özünü əsas enerji mənbələri ilə tam təmin edir və eyni zamanda enerji ixrac edir. Bərpaolunan enerji sahəsində görülən işlər generasiya gücünün gələcəkdə daha da artacağını göstərir. Bununla yanaşı, əhali və sənayenin artımı enerji tələbatını yüksəldir və mövcud potensial ölkənin davamlı inkişafına xidmət etməlidir.

Çıxışda bildirilib ki, qarşıdakı dövrdə əsas məqsədlərdən biri rəqəmsallaşma, süni intellekt və data mərkəzlərinin inkişafıdır. Mövcud enerji və infrastruktur imkanları Azərbaycanın yeni rəqəmsal mərhələyə keçidi üçün möhkəm zəmin yaradır.

Keçən il isə Çin Xalq Respublikası ilə hərtərəfli Strateji Tərəfdaşlıq sənədi imzalamışıq. Yəni biz bu gün dünyada nadir ölkələrdənik ki, dünyanın aparıcı güc mərkəzləri ilə artıq imzalanmış strateji tərəfdaşlıq formatında çalışırıq. Yəni bu, bizim üstünlüyümüzdür. Dünyada bu qədər üstünlüyü olan ikinci ölkə tapıla bilər, çox axtarsan. Ona görə bundan istifadə etməmək tamamilə qəbuledilməzdir. Bütün bunları nəzərə alaraq, artıq bir müddət bu istiqamətdə işlərin vahid koordinasiyası ilə bağlı məsələlər müzakirə edilir, mənim göstərişimlə bu məsələlər ətrafında fikir mübadiləsi aparılır, bu gün isə mənim sədrliyimlə. Nəzərə alsaq ki, bu məsələ qeyd etdiyim kimi, prioritet təşkil edir, mənim sədrliyimlə bugünkü müşavirədə biz görüləcək işlərlə bağlı konkret fəaliyyət planının hazırlanmasına başlamalıyıq. Tezliklə onu başa çatdırmalıyıq və beləliklə, bu sahəyə daha güclü təkan verməliyik.

Aydan Nəsibova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının
“General Şıxlinski 56/2”  ünvanı üzrə ərazi partiya təşkilatının üzvü