16 fevral 2026 15:37
142

Bakı–Belqrad aviareyslərinin açılması turizm sektorunun inkişafına güclü təkan verəcək

"Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın daha da möhkəmlənməsi ilə yanaşı, turizm sahəsində əməkdaşlıq üçün də yeni və geniş perspektivlər formalaşdırır. Bu səfər çərçivəsində əldə olunan razılaşmalar və səsləndirilən mesajlar göstərir ki, Azərbaycan–Serbiya münasibətləri təkcə siyasi və iqtisadi müstəvidə deyil, humanitar və turizm sahələrində də sürətlə inkişaf edir."

Bu sözləri "İki sahil"ə Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyasının rəhbəri Nizaməddin Hüseynzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Serbiya arasında qarşılıqlı etimada əsaslanan münasibətlər turizm sahəsində davamlı əməkdaşlıq üçün əlverişli zəmin yaradır: “Serbiya Balkan regionunda turizm potensialı sürətlə artan ölkələrdən biridir və Azərbaycan turistləri üçün cəlbedici istiqamət hesab olunur. Son illər müşahidə olunan dinamika onu deməyə əsas verir ki, iki ölkə arasında turizm axınlarının qarşılıqlı şəkildə artırılması üçün real imkanlar mövcuddur. Mədəni irs, sağlamlıq turizmi, dağ-xizək mərkəzləri, termal kurortlar və şəhər turizmi sahəsində Serbiyanın zəngin imkanları Azərbaycan turizm bazarı üçün maraq doğurur. Eyni zamanda, Azərbaycanın müasir turizm infrastrukturu, beynəlxalq standartlara cavab verən otelləri, zəngin mədəni və təbii irsi Serbiya turistləri üçün cəlbedici istiqamət kimi çıxış edir”.

Assosiasiya rəhbəri bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə turizmin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib: “Bu siyasətin nəticəsi olaraq Azərbaycan regionda turizm mərkəzlərindən birinə çevrilməkdədir. Serbiya ilə viza prosedurlarının sadələşdirilməsi, birbaşa aviareyslərin genişləndirilməsi və turizm sahəsində birgə təşviqat tədbirlərinin həyata keçirilməsi qarşılıqlı turist axınının artmasına ciddi töhfə verə bilər. Xüsusilə vurğulamaq lazımdır ki, xalqlarımız arasında mövcud olan səmimi münasibətlər, qonaqpərvərlik ənənələri və mədəni yaxınlıq turizmin inkişafı üçün mühüm sosial baza yaradır. Turizm yalnız iqtisadi sahə deyil, eyni zamanda xalqları bir-birinə yaxınlaşdıran, mədəniyyətlərarası dialoqu gücləndirən mühüm vasitədir”.

N.Hüseynzadə onu da vurğulayıb ki, Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında çıxışı zamanı yaxın vaxtlarda Belqrad və Bakı şəhərləri arasında birbaşa aviareyslərin açılacağını bəyan etməklə, iki ölkə arasında əlaqələrin inkişafında mühüm mərhələnin əsasının qoyulduğunu diqqətə çatdırıb: “Bu müjdə siyasi, iqtisadi və humanitar əməkdaşlıqla yanaşı, xüsusilə turizm sahəsində əlaqələrin genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır. Birbaşa uçuşların bərpası Azərbaycan və Serbiya arasında məsafəni faktiki olaraq daha da yaxınlaşdıracaq, insanlararası təmasların intensivləşməsinə, qarşılıqlı səfərlərin sayının artmasına əlverişli şərait yaradacaq. Bu addım həm işgüzar dairələr, həm də turistlər üçün yeni imkanlar açmaqla yanaşı, mədəni və humanitar əlaqələrin dərinləşməsinə mühüm töhfə verəcəkdir. Xüsusilə qeyd edilməlidir ki, Bakı–Belqrad birbaşa aviareyslərinin açılması turizm sektorunun inkişafına güclü təkan verəcək. Bu, turizm operatorlarının yeni marşrutlar formalaşdırmasına, birgə turizm paketlərinin hazırlanmasına, qısa müddətli şəhər turları və mövsümi turizm proqramlarının təşviqinə imkan yaradacaq. Eyni zamanda, hər iki ölkənin milli turizm potensialının beynəlxalq bazarlarda daha effektiv şəkildə tanıdılmasına xidmət edəcək”.

Orxan Vahidoğlu, "İki sahil"