16 fevral 2026 15:38
109

Serbiya Azərbaycanla strateji tərəfdaşlığı inkişaf etdirməkdə israrlıdır

Prezident İlham Əliyevin Serbiyaya səfəri və Strateji Tərəfdaşlıq Şurasının ilk iclası iki ölkə arasında münasibətlərin real siyasi, iqtisadi və enerji gündəliyi üzərində qurulduğunu təsdiqləyir. Bu hadisə həm Bakı, həm də Belqrad üçün regional əməkdaşlığın dərinləşdirilməsi və qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli strateji xəttin möhkəmləndirilməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilə bilər.

Rəsmi Belqrad Bakı ilə strateji tərəfdaşlığı inkişaf etdirməkdə israrlıdır. Bu vaxta qədər 2 ölkə arasında artıq 70-ə yaxın əməkdaşlıq müqaviləsi imzalanıb. 
Hər iki ölkə beynəlxalq hüququn əsas prinsiplərinə – suverenlik və ərazi bütövlüyünə həssas yanaşır. Bu mövqe tərəfləri beynəlxalq platformalarda bir-birinə yaxınlaşdırır. Qarşılıqlı dəstək siyasi etimadı gücləndirir və münasibətləri sabit əsas üzərində qurur.

Azərbaycan qazının Balkanlara çıxışı isə Serbiyanın enerji şaxələndirmə siyasətinə töhfə verir və uzunmüddətli sabitlik yaradır. Ötən gün prezidentlər Serbiyaya təbii qazın ixracının həcmini artırmaq barədə razılığa gəlib. Cənab Prezident bildirdi ki, Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq.  Gündəlikdə bərpaolunan enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi də nəzərdə tutulur. 
Ticarət dövriyyəsinin artımı, qarşılıqlı investisiyalar və birgə layihələr iqtisadi əlaqələri gücləndirir. Xüsusilə infrastruktur, tikinti, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlıq üçün geniş potensial mövcuddur. Bu, hər iki ölkə üçün yeni bazarlara çıxış və iqtisadi şaxələndirmə deməkdir.
Azərbaycanın Orta Dəhlizdə artan rolu ilə Serbiyanın Balkan nəqliyyat qovşağı kimi mövqeyi bir-birini tamamlayır. Bu amil gələcəkdə Avropa–Asiya ticarət marşrutlarına töhfə verəcək.  Hər iki ölkə balanslaşdırılmış xarici siyasət yürüdür və müxtəlif güc mərkəzləri ilə paralel əməkdaşlıq edir. Bu, Bakı–Belqrad xəttində münasibətləri daha çevik və davamlı edir.
Azərbaycan–Serbiya əlaqələri regional sabitliyə, eyni zamanda hər iki ölkənin strateji mövqelərinin möhkəmlənməsinə xidmət edir.

Könül Nurullayeva,
Milli Məclisin deputatı