16 fevral 2026 19:10
112

Süni intellekt, rəqəmsallaşma: İslahatlar gələcək inkişafı müəyyən edir

ABŞ ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında süni intellekt, data mərkəzləri və rəqəmsal infrastruktur üzrə əməkdaşlıq istiqamətlərinin ayrıca əksini tapması, həmçinin Avropa İttifaqına üzv ölkələr və Çin Xalq Respublikası ilə mövcud strateji tərəfdaşlıq bu sahənin inkişafına güclü təkan verəcək

Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da süni intellekt texnologiyaları respublikamızın iqtisadi və sosial inkişafında, qlobal rəqabət mühitində üstünlüklər əldə etməsində mühüm rol oynaya bilər. Bu mənada “Azərbaycan Respublikasının 2025– 2028-ci illər üçün süni intellekt Strategiyası” ilk növbədə, ölkədə süni intellekt üzrə mövcud vəziyyəti təhlil edir, daha sonra əldə olunan nəticələrə uyğun olaraq və qlobal trendlərə əsaslanaraq müəyyənləşdirilən prioritet istiqamətlər və tədbirlər planı vasitəsilə sözügedən sahədə strateji məqsədlərə və göstəricilərə nail olmağı hədəfləyir. Strategiyada süni intellekt ekosisteminin formalaşmasını və inkişafını təmin etmək üçün dövlət və özəl sektor arasında əməkdaşlıq, akademik və elmi tədqiqatların gücləndirilməsi, startap və innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət yetirilir.

2025–2028-ci illər ərzində həyata keçiriləcək tədbirlər çərçivəsində ilkin mərhələdə süni intellekt üzrə idarəetmənin təkmilləşdirilməsi, süni intellekt siyasətinin formalaşdırılması, məsul dövlət orqanlarının (qurumlarının) müəyyən edilməsi və dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə süni intellektdən etik dəyərlər çərçivəsində və məsuliyyətlə istifadəni təmin etmək üçün normativ-hüquqi baza hazırlanacaq, insan hüquqlarına və məlumatların məxfiliyinə xüsusi diqqət yetiriləcəkdir. Süni intellektin inkişafı məqsədilə Strategiyanın formalaşdırılması ölkənin beynəlxalq indekslərdə, o cümlədən “Hökumətin Süni İntellekt Hazırlıq İndeksi”ndə irəliləməsinə töhfə verən əsas göstəricilərdən birinə çevriləcəkdir.

Prezident İlham Əliyevin 2025 -ci il 18 mart tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nı təsdiq etməsi, Rəqəmsal İqtisadiyyat Strategiyasının (2026–2029) qəbul edilməsi, ölkəmizdə süni intellektin inkişafı istiqamətində ciddi addımlar atılmasına əlverişli şərait yaradacaqdır. Sərəncamın imzalanmasında məqsəd Azərbaycanda süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirməkdir. 

 Strategiya Azərbaycanın qlobal inkişaf tendensiyalarına uyğun olaraq, süni intellekt sahəsində beynəlxalq çağırışlara cavab vermək və ölkənin rəqabət qabiliyyətini artırmaq məqsədini daşıyır. Həmçinin yüksək hesablama infrastrukturunun inkişafı, süni intellektin etik və məsuliyyətli istifadəsi, qlobal standartların tətbiqi, məlumatların məxfiliyinin qorunması və innovativ həllərin risklərinin azaldılması da hədəflər arasındadır.

Prezident İlham Əliyev fevralın 11-də “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bu məsələlərlə bağlı bildirib: “İndi konkret layihələr üzərində işləyirik və rəqəmsallaşma, süni intellekt sahələrində aparıcı şirkətlərin səhmlərinin bir hissəsi də dediyim ən böyük Amerika fondlarının sərəncamındadır. Bu, bizim böyük üstünlüyümüzdür. O cümlədən dünən bu binada Amerika Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası da bu üstünlüyü bizə təmin edir. Bu Xartiya tarixi bir sənəddir. Bu, artıq mətbuatda da dərc edilib, hər kəs görə bilər nədən ibarətdir, o cümlədən data mərkəzləri, rəqəmsallaşma, süni intellekt və bu sahədəki Amerika şirkətləri ilə sıx əlaqələrimiz. Yəni bu da bizim üstünlüyümüzdür”.

Dövlətimizin başçısı qeyd edib ki, bu məsələdə işlərin daha səmərəli təşkili üçün hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılmalı, ya yeni ştat vahidi yaradılmalı, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılmalıdır ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır.

 Hazırda ölkəmizdə süni intellekt, rəqəmsallşama dövlətimizin başçısı tərəfindən prioritet elan edilib. Fevarlın 10-da ABŞ ilə Azərbaycan arasında imzalnamış Strateji Tərəfdaşlıq Xartiyasında süni intellekt, data mərkəzləri və rəqəmsal infrastruktur üzrə əməkdaşlıq istiqamətlərinin ayrıca əksini tapması, həmçinin Avropa İttifaqına üzv ölkələr və Çin Xalq Respublikası ilə mövcud strateji tərəfdaşlıq formatları bu sahənin inkişafına güclü təkan verəcək.

Zahid Rza, “İki sahil”