17 fevral 2026 11:22
163

Azərbaycanın təşəbbüskarı olduğu enerji layihələri Serbiyanın enerji xəritəsini yenidən formalaşdırır

Müasir beynəlxalq münasibətlər sistemində milli maraqlara söykənən müstəqil xarici siyasət kursu keçən dövlətlərin yaxınlaşması qlobal sabitlik üçün xüsusi önəm kəsb edir. Azərbaycanın dünyanın aparıcı ölkələri ilə iqtisadi və siyasi əlaqələrinin getdikcə genişlənməsi, qarşılıqlı rəsmi səfərlərin bu əlaqələrə verdiyi böyük təkan ölkəmizin beynəlxalq nüfuzunun bariz göstəricisidir. Bu kontekstdə Azərbaycanın yaxından dostluq və strateji tərəfdaşlıq etdiyi Serbiya ilə münasibətləri xüsusi qeyd edilməlidir.

Azərbaycan və Serbiya beynəlxalq münasibətlər sistemində bir-birinin ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz dəstəkləyən nadir tərəfdaşlardandır. Ölkəmizin başçısı cənab İlham Əliyevin Belqradda yüksək səviyyədə qarşılanması və liderlərin iştirakı ilə Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının keçirilməsi bu münasibətlərin artıq sadəcə diplomatik əməkdaşlıq deyil, ali strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini nümayiş etdirdi. Bu səfər Rəsmi Bakı və Belqradın münasibətləri ənənəvi ticarət çərçivəsindən çıxararaq, daha geniş və uzunmüddətli əməkdaşlıq modeli əsasında inkişaf etdirmək niyyətini sübut etdi.

Bu gün Azərbaycanın təşəbbüskarı olduğu enerji layihələri Serbiyanın enerji xəritəsini yenidən formalaşdırır. Serbiya-Bolqarıstan qaz interkonnektorunun istifadəyə verilməsi ilə Azərbaycan qazının Balkanların mərkəzinə çatması Serbiyanın enerji müstəqilliyinə verilən strateji töhfədir. Eyni zamanda, Orta Dəhliz layihəsi çərçivəsində Azərbaycanın logistik imkanları ilə Serbiyanın Avropadakı tranzit mövqeyi birləşir. Bu birlik hər iki ölkəni qitələrarası yükdaşımalarda mühüm həlqəyə çevirərək, Avrasiya məkanında yeni əməkdaşlıq konfiqurasiyalarına yol açır.

Səfərin ən mühüm istiqamətlərindən biri olan energetika sahəsində Prezident cənab İlham Əliyevin “Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır” bəyanatı iqtisadi tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Birgə inşa ediləcək elektrik stansiyası layihəsi Serbiyanın daxili enerji istehsal gücünü artıracaq və regional bazarda rəqabət qabiliyyətini yüksəldəcəkdir. Serbiyanın əlverişli investisiya mühiti formalaşdırması və Azərbaycanın bu prosesdə fəal iştirakı iki ölkə arasında iqtisadi etimadın ən yüksək həddə olduğunun sübutudur.

İclas zamanı Serbiya Prezidenti Aleksandar Vuçiçin səsləndirdiyi: “Mən əziz dostum İlham Əliyevdən çox şeyi öyrənirəm və Azərbaycan xalqı hər zaman Serbiyadan yalnız yaxşı işləri gözləyə bilər” — fikri sadəcə diplomatik bir ifadə deyildi. Bu, dövlət başçımızın artan beynəlxalq nüfuzunun, müdrik dövlətçilik təcrübəsinin və qlobal liderliyinin Avropanın mərkəzində açıq etirafı idi.

Beləliklə, Prezident cənab İlham Əliyevin Serbiyaya rəsmi səfəri Azərbaycan–Serbiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində möhkəmləndiyini və yeni çoxşaxəli əməkdaşlıq mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi. Siyasi etimad, qarşılıqlı dəstək, enerji təhlükəsizliyi, investisiya layihələri və yaşıl enerji perspektivləri bu tərəfdaşlığın əsas sütunlarını təşkil edir. Bu səfərin nəticələri göstərir ki, iki ölkə arasındakı əlaqələr artıq qlobal iqtisadi-siyasi sarsıntılara qarşı dayanıqlı, özünü təmin edən və qarşılıqlı mənfəətə söykənən bir ekosistemə çevrilib.

Serbiya Prezidenti Aleksandar Vuçiçin ölkə rəhbərimizin qlobal liderliyinə verdiyi yüksək qiymət, əslində Azərbaycanın yürütdüyü balanslı və prinsipial xarici siyasətin Avropa siyasi məkanında qəbul olunmuş reallığıdır. Bu gün Bakı və Belqrad təkcə öz milli maraqlarını müdafiə etmir, həm də beynəlxalq hüququn aliliyini hər şeydən üstün tutan dövlətlərin birgə hərəkət edərək nələrə qadir olduğunu dünyaya sübut edir.

Bərpa olunan enerji mənbələri və rəqəmsal iqtisadiyyat sahəsində açılan yeni üfüqlər göstərir ki, bizim əməkdaşlığımız sadəcə bu günü deyil, gələcək nəsillərin rifahını da hədəfləyir. Azərbaycanın investisiya imkanları ilə Serbiyanın sənaye potensialının birləşməsi, Avrasiyanın mərkəzində yeni bir iqtisadi cazibə qütbü yaradır.

Nəticə olaraq vurğulamaq lazımdır ki, bu strateji yaxınlıq təkcə iki paytaxt arasında qurulan diplomatik körpü deyil, həm də Cənubi Qafqaz və Balkan regionları arasında sabitliyin qarantıdır. Cənab Prezidentin bu səfəri ilə qoyulan təməllər yaxın illərdə Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına, xarici investisiya portfelimizin diversifikasiyasına və beynəlxalq arenada strateji manevr imkanlarımızın genişlənməsinə birbaşa xidmət edəcəkdir. Bu uğurlu yol həm xalqlarımızın dostluğunu əbədiləşdirir, həm də Azərbaycanın güclü dövlət, etibarlı tərəfdaş imicini daha da ucaldır.

Anar Məmmədov,

Milli Məclisin deputatı