17 fevral 2026 11:40
258

Azərbaycan Serbiya  strateji tərəfdaşlığının yeni mərhələsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən xarici siyasətin əsas istiqamətlərindən biri müxtəlif dövlətlərlə qarşılıqlı faydalı və davamlı ikitərəfli münasibətlərin inkişaf etdirilməsidir. Bu siyasət kursu beynəlxalq əməkdaşlığın genişləndirilməsi, siyasi dialoqun gücləndirilməsi və iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın son illərdə strateji tərəfdaşlıq və yaxın dostluq münasibətləri qurduğu ölkələrdən biri də Serbiya Respublikasıdır. İki ölkə arasında əlaqələr qarşılıqlı etimad, ortaq maraqlar və uzunmüddətli əməkdaşlıq prinsipləri əsasında uğurla inkişaf edir.

Azərbaycan və Serbiya arasında ikitərəfli münasibətlər 21 avqust 1997-ci ildə qurulmuşdur. 8 iyun 2011-ci il tarixində Azərbaycanın Serbiyada, elə həmin ilin fevral ayında isə Serbiyanın Azərbaycanda səfirliyi təsis edilmişdir. Azərbaycan və Serbiya strateji tərəfdaşlıq əlaqələrinə malik ölkələrdir. Belə ki, 8 fevral 2013-cü ildə Bakıda “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə”, 21 may 2018-ci ildə Bakıda “Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı” və 23 noyabr 2022-cü ildə Belqradda Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum imzalanmışdır.  Bununla belə hər iki ölkənin dövlət başçıları arasında qarşılıqlı mütəmadi səfərlər ikitərəfli münasibətlərin inkişafına və strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçımızın rəsmi səfəri çərçivəsində Belqradda Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirildi, qarşılıqlı sənəd mübadiləsi edildi.

Belə ki, Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Serbiya Respublikasında qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Serbiya Respublikasının İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu”,“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Serbiya Respublikasının İnformasiya və Telekommunikasiya Nazirliyi arasında media və kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Serbiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2026-2030-cu illər üçün mədəniyyət sahəsində Əməkdaşlıq Memorandumu”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Serbiya Respublikasının İdman Nazirliyi arasında idman sahəsində Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında tibbi sığorta sistemləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”u mübadilə edildi.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış etdilər.

 Dövlət başçısının verdiyi bəyanatlar Azərbaycan–Serbiya münasibətlərinin diplomatik əlaqələrlə yanaşı, həm də qarşılıqlı etimad və dostluq prinsipləri əsasında inkişaf etdiyini göstərir.

Prezident İlham Əliyev çıxışında Serbiya xalqının dövlət suverenliyinin qorunması istiqamətində göstərdiyi tarixi səyləri xüsusi vurğuladı, həmçinin ölkənin inkişafında Prezident Aleksandar Vuçiçin liderlik keyfiyyətlərini yüksək qiymətləndirdi. Dövlət başçımızın bu yanaşması Azərbaycanın xarici siyasətində dövlətlərin müstəqilliyi və suverenliyinə hörmət prinsipinin prioritet istiqamətlərdən biri olduğunu bir daha nümayiş etdirdi.

Eyni zamanda, bəyanatda vurğulanan qarşılıqlı siyasi etimad mühiti iki ölkə rəhbərləri arasında formalaşmış şəxsi münasibətlərin də dövlətlərarası əlaqələrin inkişafına müsbət təsir göstərdiyini nümayiş etirir.

Səfər çərçivəsində keçirilmiş Azərbaycan–Serbiya Strateji Şurasının ilk iclası iki ölkə arasında münasibətlərin institusional əsaslarının gücləndirilməsi baxımından mühüm addımdır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, tərəflər siyasi, iqtisadi və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə konkret planlara malikdirlər. Bu əməkdaşlıq beynəlxalq platformalarda qarşılıqlı dəstəyin gücləndirilməsi, ərazi bütövlüyü və suverenlik məsələlərində ortaq mövqeyin qorunması, birgə investisiya layihələrinin həyata keçirilməsi, enerji və nəqliyyat sahələrində yeni imkanların  rereallaşdırılmasını özündə ehtiva edir.

Bununla da, Azərbaycan–Serbiya münasibətləri artıq regional əməkdaşlıq çərçivəsini aşaraq daha geniş geosiyasi və geoiqtisadi xarakter daşımağa başlayıb.

Dövlət başçımız çıxışında Azərbaycanın Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazır olduğunu bildirdi. Bu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərən əsas göstəricilərdən biridir.

Birgə elektrik stansiyasının tikintisi ilə bağlı planlar enerji sektorunda uzunmüddətli tərəfdaşlığın formalaşdırılmasına yönəlib. Bu layihə yalnız iqtisadi baxımdan deyil, həm də enerji təhlükəsizliyinin təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyır.Xüsusilə təbii resursları məhdud olan ölkələr üçün daxili enerji istehsal imkanlarının genişləndirilməsi milli təhlükəsizlik məsələsidir. Azərbaycanın investisiya siyasəti həm də Serbiyada formalaşmış müsbət investisiya mühitinin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir.

Energetika sahəsi Azərbaycan–Serbiya əməkdaşlığının əsas sütunlarından biridir. Azərbaycan artıq Serbiyaya təbii qaz ixracına başlamış və tərəflər bu ixracın həcminin artırılması barədə razılığa gəlmişlər. Bu əməkdaşlıq Serbiyanın enerji mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın enerji strategiyası çərçivəsində iixrac potensialının artırılması, bərpaolunan enerji layihələrinin genişləndirilməsi, 2032-ci ilə qədər əlavə enerji gücünün yaradılması və Avropa istiqamətində enerji ixracının genişləndirilməsi nəzərdə tutulur.

Bu siyasət Azərbaycanın regional enerji təhlükəsizliyində mühüm aktor kimi rolunu daha da gücləndirir və Serbiya ilə əməkdaşlıq bu kontekstdə strateji əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin bəyanatında gələcək qarşılıqlı səfərlərin davam etdiriləcəyi və siyasi dialoqun intensivləşdiriləcəyi xüsusi vurğulandı. Dövlət başçımızın Serbiya rəhbərliyini Azərbaycana dəvət etməsi və qarşılıqlı görüşlərin planlaşdırılması ikitərəfli münasibətlərin davamlı xarakter daşıdığını göstərir. Bu diplomatik dinamika Azərbaycan–Serbiya münasibətlərinin yalnız cari siyasi maraqlarla məhdudlaşmadığını, uzunmüddətli strateji tərəfdaşlıq modelinə əsaslandığını təsdiqləyir.

Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri və səfər zamanı verilmiş bəyanatlar Azərbaycan–Serbiya münasibətlərinin siyasi, iqtisadi və energetika sahələrində dərinləşdiyini göstərir. Qarşılıqlı etimad, ortaq maraqlar və strateji əməkdaşlıq prinsipləri üzərində qurulan bu münasibətlər regional sabitlik, enerji təhlükəsizliyi və iqtisadi inkişaf baxımından mühüm geosiyasi əhəmiyyət kəsb edir.

Şübhəsiz ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və praqmatik xarici siyasət kursu çərçivəsində Serbiya ilə münasibətlərin inkişafı Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və iqtisadi maraqlarının təmin olunması baxımından mühüm strateji əhəmiyyət kəsb edir. Mövcud siyasi dialoq, iqtisadi əməkdaşlıq və gələcək perspektivlər göstərir ki, Azərbaycan–Serbiya əlaqələri uzunmüddətli strateji əməkdaşlıq müstəvisində inkişaf edərək beynəlxalq münasibətlər sistemində qarşılıqlı faydalı tərəfdaşlıq nümunəsi kimi öz mövqeyini daha da gücləndirəcəkdir.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası  Milli Məclisinin Sədr müavini