17 fevral 2026 16:02
104

Bu ölkədə 16 yaşadək uşaqlar üçün sosial şəbəkələrə GİRİŞ MƏHDUDLAŞDIRILIR

Hindistan hakimiyyəti sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi imkanını müzakirə edir.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin informasiya texnologiyaları naziri Ashwini Vaishnaw Yeni Dehlidə keçirilən “AI Impact 2026” sammitində çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, hökumət sosial media platformalarının rəhbərliyi ilə birlikdə 16 yaşadək istifadəçilər üçün giriş qaydalarının sərtləşdirilməsi məsələsini nəzərdən keçirir. Məqsəd uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin artırılması və onların zərərli məzmundan qorunmasıdır.

Rəsmi Dehli hesab edir ki, süni intellekt və sosial şəbəkələrin sürətli inkişafı fonunda azyaşlıların məlumat təhlükəsizliyi və psixoloji rifahı xüsusi diqqət tələb edir.

Hazırda təşəbbüs müzakirə mərhələsindədir və konkret mexanizmlərlə bağlı qərarın yaxın aylarda açıqlanacağı gözlənilir.