17 fevral 2026 14:46
124

Rəqəmsal transformasiya: müasir inkişaf modelinin strateji prioriteti

Azərbaycan dünya miqyasında sosial, iqtisadi, texonoloji və digər sahələr üzrə aparıcı dövlətlərdən hesab edilir. Xüsusilə də, elektron hökumət xidmətlərinin genişləndirilməsi, rəqəmsal infrastrukturun, innovasiya və startap ekosisteminin gücləndirilməsi ölkəmizin beynəlxalq aləmdə imicinin möhkəmlənməsinə, nüfuzunun daha da artmasına mühüm təsir edir.  Elektron hökumət xidmətləri üzərindən dövlət və özəl layihələrin, proqramların icrası ictimaiyyət arasında məmnunluq yaradır. Bu həm də şəffaflığın təmin olunmasına və iqtisadi səmərənin yüksəldilməsinə mühüm tövhələr verir. Fevralın 11-də keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirəni mahiyyət etibarı ilə yeni dövrün başlanğıc nöqtəsi adlandırmaq olar. Çünki müşavirədə Prezident İlham Əliyev rəqəmsal infrastrukturun gücləndirilməsi ilə yanaşı, onun etibarlı qorunmasını xüsusi ilə qeyd etdi. Fateh Sərkərdə, Prezident İlham Əliyev sahədə qabaqlayıcı tədbirlərin görülməsinin, milli maraqların qorunmasının vacibliyini xüsusi vurğuladı.

Prezident çıxışında qeyd etdi ki, rəqəmsallaşma yalnız paytaxt Bakı şəhəri ilə məhdudlaşmamalı, ölkənin bütün bölgələrini əhatə etməlidir. Vacib məsələnin həyata keçirilməsi şəhərlə bölgələr arasında fərqin aradan qaldırılmasına, dövlət və özəl xidmətlərə çıxışın asanlaşmasına mühüm tövhələr vermiş olacaq. Bu da sosial, iqtisadi inkişafın artmasına təkan olacaq.  Prezident İlham Əliyev haqlı olaraq qeyd etdi ki, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir: “Rəqəmsal inkişaf məsələsi bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək. Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir”

Azərbaycanda rəqəmsal islahatların aparılması, xüsusilə MYGov platformasının yaradılması və inkişafı dövlət–vətəndaş münasibətlərində müsbət münasibətlərin qurulmasına yardımçı olur. Ənənəvi idarəetmə sistemində vətəndaş müxtəlif dövlət qurumlarına ayrı-ayrılıqda müraciət etməli, sənədlər toplamalıdır, bu isə vaxt itkisi deməkdir. MYGov platforması üzərindən həyata keçirilən xidmətlər isə bu prosesi mərkəzləşdirərək vahid platforma üzərindən təqdim etməyi özündə ehtiva edir. Yəni MYGov sisteminin tətbiqi müxtəlif dövlət xidmətlərini bir elektron məkanda birləşdirir. Xidmətlərin eyni mərkəzdən birləşdirilməsi idarəetmədə operativlik, şəffaflıq və əlçatanlıq prinsiplərini gücləndirir. Dövlət xidmətlərinin elektronlaşdırılması korrupsiya risklərinin azaldılmasına, insan amilindən asılılığın minimuma endirilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. MYGov üzərindən təqdim olunan xidmətlər vətəndaşlara zaman və resurs qənaəti təmin etməklə yanaşı, dövlət qurumları arasında məlumat mübadiləsini də sürətləndirir. Rəqəmsal platformanın tətbiqi sosial, iqtisadi və inzibati sahələrdə müsbət nəticələr doğurmuşdur. Elektron müraciət imkanları regionlarda yaşayan vətəndaşlar üçün xüsusilə əhəmiyyətlidir, çünki onlar paytaxta və ya mərkəzi qurumlara fiziki müraciət etmədən xidmət əldə edə bilirlər. Bu isə sosial bərabərliyin gücləndirilməsinə və dövlət xidmətlərinə çıxışın genişlənməsinə şərait yaradır. Gələcək perspektivdə MYGov platformasının daha da təkmilləşdirilməsi, innovativ texnologiyaların tətbiqi və xidmət spektrinin genişləndirilməsi nəzərdə tutulur. Bu istiqamətdə atılan addımlar Azərbaycanın rəqəmsal transformasiya strategiyasının davamlı xarakter daşıdığını göstərir. Bu və digər məsələlərlə bağlı müşavirədə çıxışında Prezident İlham Əliyev bildirdi ki, müxtəlif dövlət qurumları - nazirliklər və digər dövlət qurumları tərəfindən müxtəlif platforma və tətbiqlər işlənib hazırlanmışdır. Bu işin artıq koordinasiya şəklində aparılması üçün hesab edirəm ki, buna da ehtiyac olmayacaq və yaradılmış platforma və tətbiqlər tədricən ləğv edilməlidir: “Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir - yəni vahid mərkəzdən. Hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir. Eyni zamanda, bu gün mövcud olan platformaların üstünlükləri, əldə edilmiş təcrübə və bu platformaların işlənməsində iştirak etmiş şəxslər, kadrlar da ümumi işə cəlb edilməlidir. Yəni mən əldə edilmiş nəticələri qiymətləndirirəm, amma, eyni zamanda, bu gün vaxt gəlib çatıb ki, bu, vahid mərkəzdə birləşsin”.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında mövcud reallıqları qeyd edərək bildirdi ki, bizim bir çox üstünlüklərimiz var. Onlardan biri bizim coğrafi vəziyyətimizdir. Bizim neft-qaz, bağlantılar sahələrində böyük təcrübəmiz var - beynəlxalq şirkətlərlə olan əlaqələr, böyük təcrübəmiz və bir çox ölkələrlə bu nəhəng layihələri icra etməyimiz. Çünki bunlar həm bilik, bacarıq, texniki keyfiyyətlər, eyni zamanda, geniş beynəlxalq əlaqələr tələb edən məsələlərdir. Azərbaycan öz qonşuları ilə müxtəlif vaxtlarda müxtəlif istiqamətlər üzrə bir çox önəmli infrastruktur layihələrini icra etmişdir. Yəni bu sahədə həm təcrübəmiz var, həm də artıq yaradılmış platformalar var. Nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərinə də çevrilməlidir. Bu istiqamətdə müəyyən işlər görülüb. Neft-qaz kəmərləri tikilən zaman, o cümlədən bu məsələ də öz həllini tapıb. Ancaq bu, təbii ki, bugünkü tələblərə cavab vermir. Ona görə rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində də bizim təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir. Bizim bir çox üstünlüklərimiz var. Onlardan biri bizim coğrafi vəziyyətimizdir. Bu, bizdən asılı olmayan üstünlükdür. Ancaq hər bir ölkənin coğrafi vəziyyəti onun xeyrinə, yaxud da ki, ziyanına işləyə bilər. Biz coğrafi vəziyyətimizi ölkəmizin inkişafına bağlamışıq və buna nail olmuşuq. Ona görə Asiya ilə Avropa arasında yerləşməyimiz, Şimal-Cənub dəhlizi üzərində yerləşməyimiz və yaradılmış mövcud infrastruktur bu üstünlüyü bizə təmin edir.

Prezident İlham Əliyev çıxışı zamanı bu sahədə kadr hazırlığının gücləndirilməsinin vacibliyini qeyd etdi. Bildirdi ki, gənclərin informasiya texnologiyaları, proqramlaşdırma və analitik düşüncə bacarıqlarına yiyələnməsi gələcəkdə qurulan sistemlərin real işləkliyini təmin edəcək.

Ürəkaçan məqamlardan bir də ondan ibarətdir ki, Prezident İlham Əliyev əsaslı olaraq bildirdi ki, nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün bizim transmilli böyük şirkətlərlə iş təcrübəmiz var və bunlar böyük üstünlükdür. Müsbət investisiya iqlimi. Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub. Xarici sərmayələr qorunub - həm qanunlar tərəfindən, eyni zamanda, gündəlik həyatda da görürük. Həm yerli, həm xarici sərmayələrin qorunması hər bir ölkənin inkişafını müəyyən edib, o cümlədən Azərbaycanın. 30 ildən çox davam edən bizim neft-qaz layihələrimiz necə imzalanıbsa, bu gün elə də icra edilir. Bu təcrübə əlbəttə ki, rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müşavirədəki çıxışı və qeyd etdiyi fikirlər, irəli sürdüyü təkliflər Azərbaycanın rəqəmsal gələcəyinə dair aydın və sistemli baxışı diqqətə çatdırır. Nümayiş etdirilir ki, Azərbaycan rəqəmsal infrastrukturu, innovasiya və startap ekosistemini milli maraqlara uyğun şəkildə həyata keçirərək beynəlxalq miqyasda əsas lider dövlətlərdən olduğunu hədəfləyir.

Eldar İbrahimov,
​YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, professor