17 fevral 2026 15:07
200

Azərbaycanla Serbiya arasında münasibətlərin yaxşı perspektivləri var

“Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Prezident İlham Əliyev fevralın 15-də Serbiya Respublikasına rəsmi səfər etdi. Səfər çərçivəsində Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü keçirildi. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Səfər çərçivəsində Belqradda Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirildi. Azərbaycanla Serbiya arasında energetika, investisiyalar, bərpaolunan enerji, turizm, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələlərinə diqqət yönəldildi. Prezidentlər  bu istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, konkret layihələrin təqdim olunması ilə əlaqədar tapşırıqlar verdilər. Bakı-Belqrad aviareyslərinin bu ilin mayından başlayacağı məmnunluqla qeyd edildi, bunun ölkələrimiz arasında humanitar təmasların və turizmin inkişafına töhfə verəcəyinə əminlik ifadə olundu. Dövlət başçısı İlham Əliyev Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında bildirdi ki, Azərbaycan və Serbiya  dost ölkələrdir. Strateji Şuranın  ilk iclası  qərar verilmiş və razılaşdırılmış məsələlərin həyata keçirildiyinin bariz bir nümunəsidir. Əməkdaşlıq gündəliyi genişlənir. Biz təkcə siyasi istiqamətdə, beynəlxalq arenada sıx işləmirik, eyni zamanda, iqtisadiyyatlarımız, sənayelərimiz üçün vacib layihələr icra edirik”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, əlaqələrin inkişafında qarşılıqlı səfərlər, imzalanan sənədlər əhəmiyyətli rol oynayır: “Dövlət başçısı İlham Əliyev həm iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında, həm də Prezidentlərin mətbuata birgə bəyanatlarında bu məqamı xüsusi vurğuladı ki, yenidən Serbiyada olmaqdan çox şadam. Həmçinin təkcə bazar günü deyil, həm də milli bayram günündə mənə vaxt ayırdığına görə dostum Aleksandar Vuçiçə minnətdaram. Bunun özü də aramızdakı səmimiyyətin səviyyəsini nümayiş etdirir ki, dostluğumuz və əməkdaşlığımızı necə gücləndirəcəyimiz barədə danışarkən heç bir sərhədimiz, vaxt məhdudiyyətimiz, şübhəmiz yoxdur.

Ölkələrimiz arasında diplomatik münasibətlər 1997-ci ilin  avqustunda qurulub. İki ölkə arasında siyasi dialoq daim yüksək səviyyədədir. Bu günədək Azərbaycan- Serbiya münasibətlərinin inkişafına xidmət edən 57 sənəd imzalanıb. Cənab İlham Əliyevin budəfəki səfəri zamanı imzalanan sənədlərin də say tərkibinə diqqət yetirsək tərəflərin əlaqələrin bütün sahələrdə uğurlu inkişafında maraqlı olduğunu görərik. Belə ki, Belqradda  Prezidentlərin iştirakı ilə iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq Sazişi, qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Serbiyanın İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu, həmçinin media və kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, 2026-2030-cu illər üçün mədəniyyət sahəsində Əməkdaşlıq Memorandumu, idman sahəsində Anlaşma Memorandumu, tibbi sığorta sistemləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı. Hər bir sənəd əlaqələrin inkişafı üçün möhkəm hüquqi bazadır”.

Malik Həsənov vurğulayıb ki, Azərbaycanla Serbiya arasında münasibətlərin yaxşı perspektivləri var və yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki,  təmaslarımız uzun illərdir ki, davam edir. Bir-birimizi yaxından tanıyırıq, səmimi söhbətlər aparırıq və dostluq münasibətlərimiz var. Serbiya xalqı bütün dövrlərdə öz dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərmiş, qurbanlar vermişdir. Prezident Aleksandar Vuçiç Serbiyanın Prezidenti kimi dövlətçiliyi, dövlət maraqlarını hər şeydən üstün tutur. Məhz buna görə Onun rəhbərliyi ilə  Serbiya uğurla inkişaf edir, həm beynəlxalq müstəvidə böyük hörmət qazanmışdır, eyni zamanda, iqtisadi və sosial sahədə böyük islahatlar aparılmışdır. Bunun nəticəsində bu gün Serbiya - təbii sərvətləri olmayan bir ölkə buna baxmayaraq, iqtisadi cəhətdən uğurla inkişaf edir, öz gücünə arxalanır, heç bir yerdən heç bir yardım almır. Bugünkü şəraitdə, xüsusilə Avropa məkanında yerləşən ölkə üçün bu, xüsusi amil kimi qiymətləndirilməlidir.

Millət vəkili bildirib ki, ölkələr arasında əlaqələrin inkişafında liderlərin  dostluq münasibətləri də əhəmiyyətli rol oynayır: “Serbiya Prezidenti mətbuata bəyanatında bu əminliyi ifadə etdi ki, birgə işimizlə Azərbaycan və Serbiya xalqlarının maraqları naminə ən yaxşı nəticələri əldə edəcəyik.  Yaşasın Serbiya-Azərbaycan dostluğu!  Aleksandar Vuçiç bu məqamı  xüsusi vurğuladı ki, Serbiya dost ölkə Azərbaycanla ən yaxşı strateji tərəfdaşlığı inkişaf etdirməkdə olduqca israrlıdı. Biz bu məqsədə doğru gedəcəyik. Bu o deməkdir ki, biz müxtəlif sahələrdə münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün ürəkdən çalışacağıq. Dostlara gəldikdə, qarşımıza çətinliklər çıxanda, bəzi məsələlərlə üzləşəndə biz hər zaman onları birlikdə həll edə bilirik. Bu, hər zaman belə olacaq. Dostluğumuz, daha yaxşı münasibətlərin qurulması, qarşılıqlı əlaqələr daha sürətlə və intensiv inkişaf etsin. Serbiya Prezidenti bu etirafı da etdi ki, hər dəfə Prezident İlham Əliyev ilə danışanda çox şey öyrənir, bir çox məsələləri təcrübəli dövlət xadimi, həqiqi liderin fərqli baxış bucağından müşahidə etməyə müvəffəq olur. Aleksandar Vuçiç hər zaman öz biliyini onunla  paylaşdığına, ölkəsi ilə  belə əlaqələr qurduğuna görə cənab İlham Əliyevə  təşəkkür etdi”.

Malik Həsənov bildirib ki, Prezidentlərin münasibətlərimizin dünəni, bu günü və gələcəyi ilə bağlı səsləndirdikləri fikirlər özündə bütün məqamları ehtiva edir. Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi ifadə etdi ki, rəsmi səfərinin nəticələri özünü çox gözlətməyəcək. Yaxın gələcəkdə yenə də bir-biri ilə görüşəcəklər.  Prezident Aleksandar Vuçiçi və Serbiya nümayəndə heyətinin üzvlərini Azərbaycana dəvət edən cənab İlham Əliyev bildirdi ki, mən və Azərbaycan nümayəndə heyəti burada özümüzü  evindəki kimi hiss edirik.