17 fevral 2026 16:50
123

Milli maraqlar, sülh və əməkdaşlıq

“Prezident İlham Əliyevin bu ilki Münxen Təhlükəsizlik Konfransında iştirakı zəngin təəsüratlarla yadda qaldı. Konfransın gedişində ölkəmizin başçısı olduqca məhsuldar görüşlər keçirdi. Bu görüşlərdə ölkəmizin milli maraqları, sülh və əməkdaşlıq, regional kommunikasiya xəttlərinin açılması, eneji məsələləri və digər mövzular ətrafında fikir mübadiləsi aparıldı.”

“İki sahil” xəbər verir ki, bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, qlobal təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından dünyanın ən nüfuzlu platformalarından biri olan Münxen Təhlükəsizlik Konfransı növbəti dəfə tarixi hadisələrlə yadda qaldı: “Konfransda dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, aparıcı beyin mərkəzlərinin təmsilçiləri, nüfuzlu ekspertlər və media nümayəndələri gündəmdə olan məsələlər ətrafında geniş fikir mübadiləsi apardı. Konfransın plenar iclaslarında çıxış edən Prezident İlham Əliyev müasir beynəlxalq münasibətlər sistemində müşahidə olunan geosiyasi gərginliklər, silahlı münaqişələr, enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri və kibertəhlükəsizlik kimi çağırışlardan bəhs etdi. Qlobal təhlükəsizliyin təmin olunması yalnız çoxtərəfli əməkdaşlıq, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstək əsasında mümkün olduğu vurğulandı. Eyni zamanda Cənubi Qafqaz regionunda postmünaqişə dövrünün reallıqları barədə ətraflı məlumat verildi. Bölgədə davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində Azərbaycanın irəli sürdüyü təşəbbüslər diqqətə çatdırıldı. Həmçinin regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmasının, iqtisadi inteqrasiyanın dərinləşdirilməsinin və humanitar təmasların genişləndirilməsinin uzunmüddətli sülh üçün əsas şərtlərdən biri olduğu bəyan edildi. Ölkəmizin uzun illərdir etibarlı enerji təchizatçısı kimi çıxış etdiyi və enerji marşrutlarının şaxələndirilməsinə mühüm töhfə verdiyi qeyd olundu. Prezident İlham Əliyev eyni zamanda bərpaolunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji” layihələrinin reallaşdırılması və enerji keçidinin sürətləndirilməsi istiqamətində görülən işlər barəsindən ətraflı məlumatları çatdırdı. Azərbaycanın zəngin bərpaolunan enerji potensialı, xüsusilə günəş və külək enerjisi sahəsində həyata keçirilən layihələr regionda ekoloji dayanıqlığın təmin olunmasına və iqlim öhdəliklərinin icrasına xidmət etiyi diqqətə çatdırıldı.

Bu mənada Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev bir sıra ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, habelə aparıcı şirkətlərin icraçı direktorları ilə görüşlərinin əhəmiyyəti olduqca önəmlidir. Bu görüşlərdə siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, enerji, nəqliyyat, rəqəmsal transformasiya və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri ətraflı müzakirə olundu”.

Təftiş Komissiyasının sədri vurğulayıb ki, Münxen Təhlükəsizlik Konfransında iştirak Azərbaycanın beynəlxalq platformalarda fəal və təşəbbüskar rolunu bir daha gündəmə gətirmiş oldu: “Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın beynəlxalq platformalarda fəal, təşəbbüskar və məsuliyyətli tərəfdaş kimi çıxış edir. Prezident İlham Əliyevin çıxış və görüşləri ölkəmizin milli maraqlarının ardıcıl şəkildə müdafiə olunduğunu, regional sabitliyin möhkəmləndirilməsinə və qlobal təhlükəsizlik məsələlərinə konstruktiv töhfə vermək iradəsinin qəti olduğunu təsdiqləyir. Bu mənada Münxen Təhlükəsizlik Konfransı uzun illərdir beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşdırıldığı əsas dialoq meydanlarından biri kimi çıxış etməklə yanaşı ölkəmizin ən fəal formada təmsil oldunduğu platforma kimi vacib əhəmiyyət kəsb edir. Sözsüz ki, Azərbaycan Respublikasının Prezidentinin bu mötəbər tədbirdə fəal iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun, etibarlı tərəfdaş imicinin və qlobal proseslərdə söz sahibi olan dövlət kimi mövqeyinin bariz göstəricisidir”.