Cənubi Qafqazda yeni reallıqlar göz önündədir. Regionun ən böyük iqtisadi layihəsi olan Zəngəzur dəhlizi-Tramp marşrutunda sürətlə aparılan hazırlıq işləri artıq Avropanın da diqqətini cəlb edib. Çünki yeni nəqliyyat strukturu Avropanı Asiya qitəsi ilə birləşdirəcək. Bu yol hər iki qitənin ölkələri üçün əlverişli gediş-gəliş və yükdaşıma vasitəsi olacaq. Yeni nəqliyyat dəhlizinin keçdiyi bütün ölkələr də tranzit haqqı olaraq külli miqdarda vəsait əldə edəcəklər. Yolun böyük əhəmiyyətini yüksək qiymətləndirən ABŞ Prezidenti Donald Tramp həmin ölkələrin təhlükəsizliyinə zəmanət verdiyini bildirib. Bu, o deməkdir ki, kənar heç bir qüvvə yolun təhlükəsizliyinə barmaq uzada bilməz. Ona görə də Azərbaycan və Ermənistan sülh müqaviləsini qısa müddətdə imzalamaq istəyir. Əsas məsələ Ermənistanın hazır olmasıdır. Çünki bu ölkə öz konstitusiyasından Azərbaycana ərazi iddialarını çıxarmalıdır. Ermənistan bu şərtlə də sülhə razıdır.
"Regionda böyük dəyişikliklərin baş verdiyinin şahidiyik və bu, sülh olmadan mümkün olmazdı".
Bu sözləri Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kos Münxendə "Açıq dəhliz siyasəti: Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirələrdə deyib.
Marta Kos bildirib ki, qısa müddətdə qısa irəliləyiş baş verib. "Hələ də hər şey edilməyib, amma həqiqətən, proses çox sürətlə irəliləyir. Hər iki tərəfdən siyasi iradə lazımdır. Bu, Avropadan da bizə çoxlu kanallar açdı və məsələn, indi Ermənistan, Azərbaycan və Türkiyə ilə layihələrin siyahısını tərtib edirik. Siz TRIPP layihəsi haqqında danışdınız. İndi Azərbaycanla birlikdə Naxçıvan dəmir yolu ilə bağlı texniki-iqtisadi əsaslandırmanı işə salmaq barədə müzakirələr aparırıq ki, bu da bizim üçün beynəlxalq maliyyə institutları ilə birlikdə böyük maraq doğurur. Naxçıvanla birlikdə TRIPP layihəsi əsl oyun dəyişdiricisi ola bilər", - deyə o, bildirib.
Avropalı komissarın fikirlərindən açıq görünür ki, onlar da layihənin başa çatdırılması üçün maraqlıdırlar və sərmayə qoymağı planlaşdırırlar. Ancaq onları yolun təhlükəsizliyi düşündürür. Avropa üçün sabit Cənubi Qafqaz enerji marşrutlarının təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin davamlılığı və siyasi risklərin azalması vacibdir. Bu baxımdan Azərbaycan regionda sabitləşdirici güc kimi çıxış edir. Bakı münaqişə sonrası mərhələdə Ermənistanla münasibətlərin normallaşmasına üstünlük verir və bununla da regionu əməkdaşlıq məkanına çevirmək niyyətini ortaya qoyur.
Münxendə aparılan müzakirələr göstərdi ki, Avropa siyasi dairələri Azərbaycanın bu konstruktiv rolunu daha aydın şəkildə qiymətləndirməyə başlayıb. Alman mediasında və analitik mərkəzlərdə Azərbaycanın enerji təhlükəsizliyindəki rolu ilə yanaşı, regionda sabitlik yaradan aktor kimi mövqeyi də vurğulanır. Bu, Avropanın Azərbaycana baxışında keyfiyyət dəyişməsinin göstəricisidir. Prezident İlham Əliyevin xarici siyasəti praqmatik realizm üzərində qurulub. Bu cür xətt-hərəkət Avropa tərəfindən də dəstəklənir.
Bütün bunlara baxmayaraq komissar Marta Kosun “Tramp marşrutu”na qoşulmaq istəyinin Ceyms Vensin bölgəyə səfərindən sonra dilə gətirilməsi də təsadüfi sayılmamalıdır. Avropalılar həmişə işlərini ehtiyatla görməyə üstünlük verirlər. Onları buna sövq edən səbəb var.
Bəli, araları qarışdıran bədxahlar layihəyə yaxın buraxılmayacaqlar. ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin Ermənistana və Azərbaycana səfəri bu fikri bir qədər də möhkəmlətdi. Başqa vaxt daş atıb başını tutan, hər iki ölkəni təhdid edən, diş qıcayanlar valı dəyişib susdular, əks fikir bildirməyə cəsarət etmədilər. Halbuki əvvəllər Ermənistana hədə dili ilə təsir etməyə cəhd edənlər Zəngəzur nəqliyyat qovşağından onlara pay ayrılmasını təkidlə tələb edirdilər. Dediyimiz kimi, Ceyms Devid Vensin bölgəyə əməkdaşlıq təklifləri ilə gəlişi pozucu dairələrin çiyinlərindən basıb yerində oturmalarına məcbur etdi. Ancaq ABŞ kimi güclü dövlətin ikinci şəxsi Azərbaycanla, Ermənistanla heç də təzyiq və ya hədə dili ilə danışmadı. Birgə iş qurmağı, əməkdaşlıq etməyi, qazanılan pullardan yalnız ABŞ-a ayrılan payı götürəcəklərini bildirdi. Təəssüf ki, öz başının milçəyini qoruya bilməyən, yaxaları əllərdə qalan cılız düşüncəli dövlətlərin iddialı rəsmiləri sağa-sola yersiz ittihamlar yağdırır, həyasızcasına ölkələri özlərinə əbədi borclu hesab edir, təhdidlə danışırlar. “Min illik tariximiz var”, “böyük xalqıq” deyənlər başqaları ilə elə min əvvəlki primitiv davranışlarla rəftar edirlər. Zəiflərə cəlladlıq etmək, onları vəhşicəsinə soyub-talamaq, güclülərin qarşısında isə “yazıq” maskası geyinmək, yəni iyrənc riyakarlıq etmək. Amma indi bu da keçmir, onlar “quzu” və “canavar” maskalarını o qədər geyinib-soyunublar ki, altdan sırtıq sifətləri açıq görünür. Yüz illərdir onlar belə danışır, belə hərəkət edir, xalqları əsarətdə saxlayır, istismar edirlər. Ona görə də heç kəs bu yırtıcılara yaxın gəlmək istəmir. Ancaq Zəngəzur dəhlizi-“Tramp marşrutu” belələrinin eksperiment obyekti olmayacaq. Onlar şantajla, sarsaq arqumentlərlə özlərini bura təpmək istəsələr də burunlarının qabağında düyünlənən yumruğu görüb geri çəkildilər.
Xoşməramlı “Tramp marşrutu” isə adıçəkilən layihədə yer alan ölkələrin yaxınlaşmasına, iqtisadi inkişafına, ticari, mədəni əlaqələrinin daha da genişləndirilməsinə öz töhfəsini verəcəkdir. Ən başlıcası isə xalqların rifah halının yaxşılaşdırılmasına stimul yaradacaqdır.
Vəli İlyasov, “İki sahil”
Birinci Türkoloji Qurultay: Tük xalqlarının mədəni həyatında mühüm tarixi hadisə