20 fevral 2026 01:29
103

Yeni dünya nizamı sivil dünyanın münasibətləri və beynəlxalq nizamın yeni mexanizmləri deməkdir

Dövlət başçısı İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfəri Azərbaycanın dünyaya sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışlarının təsdiqidir

Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, dövlətimizin başçısı İlham Əliyevə böyük etimad bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Bu gün Azərbaycan balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursunun davamlı uğurlarını yaşayır. Bunun üçün təkcə cari ilin ötən qısa dövründə dövlət başçısı İlham Əliyevin xarici ölkələrə, səfərlərinin eyni zamanda, Azərbaycana edilən səfərlərin say tərkibinə, ölkə Prezidentinin qatıldığı tədbirlərə diqqət yetirmək kifayətdir. Ötən ay cənab İlham Əliyev ənənəvi olaraq Davos Dünya İqtisadi Forumunun 56-cı iclasında iştirak etmək etmək üçün İsveçrədə səfərdə oldu. Dövlətimizin başçısının “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə, sonra Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya, onun ardınca Serbiyaya, fevralın 18-də isə Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak etmək məqsədilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfəri Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatıdır. Davos Dünya İqtisadi Forumu çərçivəsində də Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşü olmuşdu. Fevralın 10-da isə Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens ölkəmizdə rəsmi səfərdə oldu.

Hər bir səfər hər iki tərəfin əməkdaşlıq əlaqələrinin prioritetlərini açıqlamaqla yanaşı, onların hazırda dünya birliyində roluna da işıq salır. Prezident İlham Əliyevin səfərlər çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında çoxsaylı görüşləri xüsusi diqqətdə olur. Bu, Azərbaycanın, Prezident İlham Əliyevin qlobal məsələlərin həllində, fəal iştirakına, ölkəmizlə əməkdaşlığa verilən önəmin göstəricisidir.

Bu gün dünya Azərbaycan-ABŞ münasibətlərinin fonunda ədalətə və beynəlxalq hüquqa söykənən münasibətlərin uğurlu inkişafı əsasında sabit, təhlükəsiz regionun, dünyanın aydın gələcəyini görür. Cənab İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərdə, müsahibələrində vurğuladığı kimi, bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır, aydındır - əməkdaşlıq, sülh, tərəfdaşlıq. Təbii ki, Azərbaycanın həm təhlükəsizlik sahəsində artan rolu, imkanlarımız, eyni zamanda, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, nəqliyyat, bağlantılar, süni intellect, yəni bütün bu məsələlər bu gün dünyanın əsas gündəliyini təşkil edir. Ona görə Azərbaycan da bu sahələrdə geridə qalmır.

Prezident İlham Əliyevin ötən ilin avqustunda ABŞ-a işgüzar səfəri iki ölkənin münasibətlərində əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsini açdı. Həmin səfər zamanı Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında Strateji Tərəfdaşlığa dair Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması ilə bağlı sənəd imzalandı. ABŞ-ın Vitse prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri zamanı isə Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalandı. Sənəddə iki ölkə arasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib. Bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələləri əhatə edir. Bu istiqamətlər onu göstərir ki, ölkəmizin qarşısında nə qədər böyük imkanlar açılır. Cənab İlham Əliyev ötən ilin avqustunda ABŞ səfəri zamanı Azərbaycanın media nümayəndələrinə müsahibəsində bu çağırışı etmişdir ki, biz vaxt itirmək istəmirik. Onsuz da əvvəlki administrasiya dövründəki dörd ili itirilmiş illər kimi qiymətləndirirəm. Çünki əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. Bizim Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar ki, dondurulmuş vəziyyətə salınmışdı. Ona görə indi biz vaxt itirə bilmərik. Xüsusilə cənab Trampın və onun administrasiyasının nümayəndələrinin - komandasının Azərbaycana olan müsbət münasibəti hiss edilir. Bu xoş münasibət çox önəmli bir amildir. Azərbaycanın önəmini, onun geosiyasi əhəmiyyətini, Azərbaycanın Amerika Birləşmiş Ştatlarına həmişə dost ölkə olmasını cənab Donald Tramp çox yaxşı bilir. Şəxsi təmaslar münasibətlərdə önəmli rol oynayacaq.
 Prezident İlham Əliyevin həmin səfəri tarixi sülh razılaşmasının əldə olunması ilə yadda qaldı. Bu mühüm hadisə ABŞ kimi dünyanın ən güclü ölkəsinin Azərbaycanın ədalətli və beynəlxalq hüquqa əsaslanan siyasəyinə, mövqeyinə verdiyi yüksək dəyər, dəstək oldu. Həmçinin ədalətsiz 907-ci düzəlişin, ATƏT-in Minsk qrupunun ləğvi də qeyd olunan səfərin mühüm nəticələri sırasındadır.

907-ci düzəlişin ləğv olunması tarixi hadisə kimi dəyərləndirildi. Hər zaman qeyd etdiyimiz kimi, belə bir ədalətsiz düzəlişin ölkəmizə tətbiqi maddi deyil, mənəvi baxımdan Azərbaycanı daha çox narahat edirdi. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra əsas diqqət göstərdiyi məsələlərdən biri ədalətsiz 907-ci düzəlişin ləğvi idi. Çünki bu düzəlişin hansı ölkələrə tətbiq edildiyi məlumdur. İşğala məruz qalan, bir milyomdan artıq soydaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşən Azərbaycan olduğu halda ermənilərin və erməni diasporunun yalan təbliğatının ayaq tutub yeriməsi nəticəsində ölkəmiz beynəlxalq aləmə işğalçı dövlət kimi təqdim edilirdi. Özlərini “yazıq, məzlum, əzilən millət” kimi beynəlxalq ictimaiyyətə təqdim edən ermənilər yalan təbliğatın ömrünün uzun ola bilməyəcəyinin də fərqində olmalı idilər. Azərbaycanın real faktlara, tarixi həqiqətlərə söykənən siyasətinin uğurları zaman-zaman bəhrəsini verdi. Ədalətsiz 907-ci düzəlişin tətbiq edildiyi vaxtlarda ölkəmizə rəhbərlik edənlərin siyasi savadsızlığının, öz şəxsi ambisiyalarının əsiri olmalarının ucbatından Azərbaycan haqqında məlumatsızlıq belə ədalətsiz qərarların qəbuluna yol açırdı. Lakin 1993-cü ildən başlanan yol Azərbaycanın hər bir sahədə qarşısında geniş imkanlar açdı. Diplomatik mübarizədə uğurlarımız davamlı hala çevrildi.

Ötən ilin avqustunda bu ədalətsiz qərarın birdəfəlik ləğvini Prezident İlham Əliyev belə xarakterizə etdi ki, “Azadlığa Dəstək Aktı”na edilən bu ədalətsiz 907-ci düzəlişdən mənim iştirakımla oval ofisdə imtina çox rəmzi məna daşıyır. Prezident Donald Tramp bunu başqa formada da edə bilərdi. O, bunu daha sonra da imzalaya bilərdi. Amma bunu hələ 1992-ci ilin oktyabrından bəri Konqres tərəfindən haqsız olaraq sanksiyaya məruz qalan Azərbaycanın Prezidentinin qarşısında etmək qərarına gəldi. O zaman təbii ki, Konqres üzvlərinin Azərbaycandan, Cənubi Qafqazda baş verənlərdən xəbəri yox idi. Onlar erməni lobbi qruplarının təsiri altına düşüb və Azərbaycanı işğalçı kimi təqdim edirdilər. Beləliklə, bu düzəliş bizi həmin o illərdə çox ehtiyac duyduğumuz birbaşa Amerika yardımından məhrum etmişdir. O vaxt Azərbaycan qaçqınların sayı çox, iqtisadiyyatı isə bərbad vəziyyətdə olan kasıb ölkə idi. Nəticədə, biz sanksiyalar altında olan yeganə keçmiş Sovet İttifaqı respublikası idik. Sonra 2001-ci ildə bu sanksiyalar dayandırıldı. Çünki ABŞ Hökumətinin Əfqanıstanda Azərbaycanın köməyinə ehtiyacı var idi. Biz isə çox vacib nəqliyyat yollarını, “Şimal Paylayıcı Şəbəkə” adlanan əlaqəni təmin etdik. Bu, təkcə hava uçuşları deyil, həm də quru və dəniz nəqliyyatını əhatə edirdi. Sonra 2023-cü ilə qədər hər il Amerika prezidentləri bu düzəlişin qüvvəsini dayandırırdılar. Sonradan bu sanksiyaların dayandırılmaması bizim üçün böyük şok oldu, çünki Bayden administrasiyasından belə bir yanaşma gözləmirdik. Əfqanıstanda bizə ehtiyac olmadığına görə Bayden administrasiyası bütün dünyanın gözü qarşısında Əfqanıstandan qaçdığı dövrdə buna əl atdı. Bundan sonra bizə qarşı sanksiyalar yenidən qüvvəyə mindi. Bu, yəqin ki, Azərbaycana mənfi münasibətin və nankorluğun zirvəsi idi. Əslində, bu, Bayden administrasiyası ilə onların hakimiyyətinin sonuna qədər düzəlməyən əlaqələrimizin ciddi şəkildə pisləşməsinə səbəb oldu. Beləliklə, münasibətlərimiz dərin böhran içində idi.

Cənab İlham Əliyev bildirdi ki, Prezident Donald Trampın bu rəmzi jestinin bizim üçün çox dərin mənası var. Təbii ki, bu gün Azərbaycanın xarici yardıma ehtiyacı yoxdur, ölkəmiz xarici yardımdan asılı deyil. İqtisadiyyatımız sabitdir. Özümüz donor ölkəyə çevrilmişik. Beləliklə, bu gün 907-ci düzəliş əsasən siyasi və rəmzi məna daşıyır. Bu, artıq ədalətsizliyin aradan qalxdığını göstərir.

Dövlətimizin başçısı İlham Əliyev ötən ilin 8 avqust tarixini dövlətlərarası münasibətlərimizdə tarixi gün kimi dəyərləndirir. Bu tarix Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq istəyənlərin hamısı üçün əhəmiyyətli gün oldu. Vaşinqton Zirvə Görüşündəki razılaşmalar, imzalanmış Birgə Bəyannamə və sülh müqaviləsinin paraflanması de-fakto sülh deməkdir. Cənab İlham Əliyev son səfərlərinin hər birində, iştirak etdiyi tədbirlərdə çıxışlarında bu reallığı daim önə çəkir ki, artıq altı aydır sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik. Bu cür böyük töhfəyə görə ABŞ Hökumətinə çox minnətdarıq. Azərbaycan vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə nəinki bütün məhdudiyyətləri qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının təchizatına başlamışıq. Ticarətin və əməkdaşlığın başlanğıcı reallaşır. Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu-TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur.

ABŞ-ın Vitse prezidenti Cey. Di. Vensin ölkəmizə rəsmi səfəri də münasibətlərdə yeni səhifənin açılması ilə xarakterizə edilir. Belə bir əminlik ifadə edildi ki, Prezident Donald Trampın və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha güclü və daha yaxşı münasibətlər qurulacaq. ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq regionu daha möhkəm sülhə və əmin-amanlığa aparacaq. Cənab İlham Əliyevin vurğuladığı kimi, Vitse-prezident Cey. Di. Vensin səfəri çox mühüm bir səfər idi. Birləşmiş Ştatların Vitse-prezidentinin səfəri özlüyündə istənilən ölkə üçün əhəmiyyətlidir. Hazırkı vəziyyətdə bu, Birləşmiş Ştatlar və Azərbaycan hökumətləri arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ilə əlamətdar oldu. Biz dünyanın ən güclü ölkəsinin rəsmi strateji tərəfdaşı olduq və bunu ölkəmiz üçün böyük uğur hesab edirik.

Qeyd etdiyimiz kimi, bu il ənənəvi Davos Dünya İqtisadi Forumu çərçivəsində yanvarın 22-də “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimi keçirildi. Tədbirdə iştirak edən Prezident İlham Əliyev digər dövlət və hökumət başçıları ilə birgə “Sülh Şurasının Nizamnaməsi” sənədini imzaladı. Azərbaycanın ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına təsisçi kimi qoşulması ölkəmizin beynəlxalq miqyasda sülh, dialoq və qarşılıqlı anlaşma dəyərlərinə sadiqliyinin göstəricidir. Azərbaycan bu beynəlxalq quruma təsisçi üzv qismində qoşularaq Yaxın Şərqdə və dünyada sülhün möhkəmləndirilməsi prosesinə töhfə verəcək. Prezident İlham Əliyev Münxendə Azərbaycan televiziya kanallarına müsahibəsində “Yeni dünya nizamının potensial elementi olaraq bu təşkilat haqqında nə düşünürsünüz” sualına cavabında bildirmişdir ki, əlbəttə, hər şey gündəlikdən asılı olacaq. Birinci sammit tezliklə baş tutacaq. Hər kəsə sammitin gündəliyinin nədən ibarət olduğunu və nəticənin nə olacağını bilmək maraqlıdır. Lakin artıq daha çox ölkələr dərk edirlər ki, onlar hökumətlərarası münasibətlərə, təhlükəsizliyə, beynəlxalq təsisatların fəaliyyətinə dair yanaşmalarını yenidən nəzərdən keçirməlidirlər. Biz Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətə düşdüyünü görürük. O, hər hansı bir məsələyə təsir göstərə bilməyəcək. Alternativ də yoxdur. Ümidvarıq ki, biz birgə fəaliyyət zamanı daha çox sağlam düşüncəni görəcəyik. Çünki yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir. Yeni dünya nizamı sivil dünyanın münasibətləri və beynəlxalq nizamın yeni mexanizmləri deməkdir.

Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkədə işgüzar səfərdədir. Digər səfərlər kimi, bu səfər də tədbirdən öncə mühüm görüşlərin keçirilməsi ilə diqqətdədir. Dövlətimizin başçısı Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru Elliot Brandt və digər rəhbər heyəti ilə görüşdü. Söhbət zamanı Amerika İsrail İctimai Əlaqələr Komitəsinin nümayəndə heyətinin ölkəmizə səfəri və dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlandı. Azərbaycanda bütün dinlərin və mədəniyyətlərin nümayəndələrinin bir ailə kimi sülh və mehribanlıq şəraitində yaşadıqlarını, bunun dünya üçün nümunə olduğunu deyən Elliot Brandt ölkəmizdə yəhudi icmasına dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin əsrlər boyu harmoniya şəraitində yaşadıqlarını vurğuladı, tolerant mühitin ölkəmiz üçün tarixən həyat tərzi olduğunu bildirdi. Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ əlaqələrinə toxunuldu, Donald Trampın hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyi vurğulandı. Bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə uğurlu səfərinə və “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının əhəmiyyətinə toxunuldu. Bu Xartiyada ölkələrimiz arasında ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, süni intellekt və rəqəmsal transformasiya məsələlərinin də prioritet istiqamətlər kimi müəyyən edildiyi qeyd olundu.

Yeganə Əliyeva, “İki sahil”