20 fevral 2026 18:46
136

Qaragüruhçu dəstənin sifarişli Vaşinqton TƏXRİBATININ PƏRDƏARXASI

Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edən dövlətimizin başçısının qaldığı otelin yaxınlığında bir qrup xəyanətkar radikal ünsür tərəfindən törədilən sifarişli təxribat məlum anti-Azərbaycan dairələrin və erməni lobbisinin ölkəmizə qarşı alçaqcasına apardıqları informasiya kampaniyasını daha da gücləndirdiklərinin bariz nümunəsidir

Dəfələrlə yazmışıq ki, müxtəlif bəhanələrlə ayrı-ayrı xarici ölkələrdə “siyasi mühacir” adı ilə məskunlaşan zombi sürüsü xarici xüsusi xidmət orqanları və erməni lobbisi ilə sinxron işbirliyindədir. Onu da yazmışıq ki, məlum anti-Azərbaycan dairələr müasir texnologiyanın yaratdığı imkanlardan-internetdən, sosial şəbəkələrdən, o cümlədən “Facebook”dan, “YouTube”dan istifadə edərək noxtaladıları antimilli ünsürləri, zombiləşdirilərək şeytani məqsədlərə xidmət edən dönükləri çirkli pullar vasitəsilə ələ alaraq onları ölkəmizə qarşı apardıqları ideoloji terror və informasiya təxribatlarında ön xətdə yerləşdiriblər.

Son vaxtlar xarici ölkələrdə məskunlaşaraq pərdə arxasından idarə olunan, erməni lobbisi ilə sıx işbirliyində olan qüvvələrin maliyyəsi ilə fəaliyyət göstərən xəyanətkar zümrənin sosial şəbəkələrdə milli-mənəvi və əxlaqi dəyərlərə zidd çıxışları, eləcə də bu günlərdə Münxendə və Vaqşinqtonda baş verənlər bir daha göstərdi ki, erməni lobbisinin və “sapı özümüzdən olan baltalar”ın ölkəmizə qarşı davamlı və planlı şəkildə apardıqları  şər-böhtan kampaniyası heç də təsadüfi deyil. Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən bədxahlarımız, erməni lobbisi və dünya erməniliyi tərəfindən bəslənən qüvvələr həmin qüvvələr ölkəmizə təzyiq göstərmək istiqamətindəki fəaliyyətlərində məkrli vəsitələrdən istifadə edir, çirkin məqsədlərini reallaşdırmaq üçün muzdlu nökərlərini, dövlətimizin başçısının bildirdiyi kimi, “zəncirli köpəkləri”ni üstümüzə salırlar. Bəzi anti-Azərbaycan dairələrin nəzarətində olan donor təşkilatlarının qrantlarından və ermənipərəst fondların əvəzsiz yardımlarından bəhrələnən antimillilər həmin dairələrin tapşırıq və sifarişlərini yerinə yetirərək, internet vasitələrindən istifadə edərək ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna zərər vermək, yaydıqları dezinformasiyalarla insanların süuraltına təsir etmək, bu yolla cəmiyyətdə süni şəkildə siyasi qütbləşmə yaratmaq üçün ən çirkin üsullara əl atırlar.

Son günlər sosial şəbəkələrdə dövlətçiliyimizə, dövlətin simvollarına, qarşı əxlaqsızcasına mənəvi -psixoloji və informasiya terroru ilə məşğul olan Emin və Mehman Hüseynov qardaşları və Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edən Prezident İlham Əliyevin qaldığı hotelin yaxınlığında bir qrup xəyanətkar radikal ünsür tərəfindən törədilən  təxribat məlum dairələrin və erməni lobbisinin ölkəmizə qarşı alçaqcasına apardıqları informasiya  kampaniyasını daha da  gücləndirdiklərinin bariz nümunəsidir. Onu da qeyd edək ki, təxribatçı ünsürlər dövlət rəhbərliyinə qarşı təhqiramiz və qeyri-etik ifadələr səsləndirərək mühafizə olunan əraziyə daxil olmağa çalışıblar. Şübhəsiz, Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları və Vaşinqton polisi operativ şəkildə müdaxilə edərək bu xəyanətkar qrupun təxribatçı əməllərinin qarşısını alıblar.

 Maraqlı orasıdır ki, baş verənlərə ilk reaksiya, eləcə də məlum ünsürlərin təxribatçı hərəkətlərinə ilk dəstək ABŞ-da fəaliyyət göstərən erməni lobbi təşkilatı ANCA-dan (Armenian American Lobby) və uzun illərədn bəri anti-Azərbaycan mövqeyi ilə tanınan ermənipərəst senator Frank Pallonedan gəldi. Frank Pallone uzun müddət Azərbaycana qarşı sərt mövqe nümayiş etdirirdi. Bu şəxs Konqresdə Azərbaycana qarşı düzənlənən sərt qanunların müəllifi kimi tanınır. İslamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner ABŞ konqresmeni Frank Pallone Azərbaycan xalqına nifrət edən şəxsdir, onun bütün fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. O, ABŞ-da erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik edib. Bu ermənipərəst senator həm də 907-ci düzəlişin təşəbbüskarlarından biri olub. Həmçinin Xocalıda törədilən qətliamları inkar edib, dəfələrlə erməni işğalı altında olan ərazilərə nümayişkaranə səfərlər edib.

 Onu da xatırlatmaq yerinə düşər ki, 2024-cü ilin noyabrında Azərbaycanın bir qrup QHT rəhbəri və ictimai fəallar xalqımızı təhqir etmiş ermənipərəst ABŞ konqresmeni Frank Palloneyə qarşı Bakıda qaldığı hotelin qarşısında etiraz aksiyası keçirmişdilər.

Erməni lobbisi, onların təsiri altında olan qüvvələr, eləcə də Frank Pallone kimi ermənipərəst ünsürlər baş verənləri hotelin önündə etiraz aksiyası keçirmək istəyən dinc etirazçılara qarşı zorakılıq hərəkəti kimi qələmə verməyə çalışsalar da öz çirkin məqsədlərinə nail ola bilmədilər.

Son vaxtlar ölkəmizin əleyhinə qarayaxma kampaniyası aparanların, sosial şəbəkələrdə təhrikedici çıxışlar edənlərin, eləcə də Vaşinqtdonda təxribatçı ünsürlərin məlum pozuculuq cəhdləri cəmiyyətimiz tərəfindən ciddi narazılıqla qarşılanır. Xalqımız bilir ki, anti-Azərbaycan dairələrin məqsədi Azərbaycanın inkişafına, vətəndaşların sosial rifahının daha da yaxşılaşmasına xidmət edən, qarşıya qoyulan hədəflərə çatmağa imkan yaradan tədbirlərin, islahatların və müsbət reallıqların üzərinə kölgə salmaqdır. İctimaiyyətimiz onu da yaxşı bilir ki, xarici ölkələrdə anti-Azərbaycan dairələrlə birlikdə ölkəmizə qarşı ideoloji təxribatlarda, informasiya terrorunda iştirak edənlər Vətən xainləridir…

Zahid Rza, “İki sahil”