20 fevral 2026 21:17
122

Ana dilimiz müqəddəs mənəvi sərvətimiz, milli qürurumuzdur

Dil hər bir xalqın varlığını yaşadan, onun tarixini, mədəniyyətini, milli kimliyini, maddi və qeyri-maddi irsin qoruyan, inkişaf etdirən və gələcək nəsillərə ötürən ən güclü vasitələrdən biridir. Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də düşüncə tərzi, mənəvi varlığının simvolu, həyat tərzinin ifadə formasıdır. Dil vasitəsilə nəsillər arasında körpü qurulur, milli dəyərlər ötürülür. Bu baxımdan, hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Çünki  ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.

Dünyada minlərlə dil mövcuddur və onların qorunması bəşəriyyətin mədəni müxtəlifliyinin saxlanılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhz bu məqsədlə hər il 21 fevral tarixi Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu gün UNESCO tərəfindən 1999-cu ildə təsis edilib və 2000-ci ildən etibarən rəsmi şəkildə qeyd edilməyə başlanıb. Məqsəd dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dilləri qorumaq, ana dilinə hörmətlə yanaşmaq və mədəni irsi gələcək nəsillərə ötürməkdir.

Bu tarixi gün ölkəmizdə də yüksək səviyyədə qeyd olunur. Dilimiz bizim keçmişimiz, bu günümüz və işıqlı gələcəyimizdir. Xalqımız əsrlərboyu böyük sınaqlardan, çətinliklərdən keçib, ancaq öz mənliyini, milliliyini, dilini itirməyib. Respublikada dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasətin əsası hələ 1969-cu ildə qoyulub: Heydər Əliyev həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açıb. Ulu Öndərin təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə olub.

Ulu öndər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atmış və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalamışdır. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.”, - deyən dahi rəhbərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan dilinin hərtərəfli inkişafına, zənginləşməsinə, onun diplomatik aləmə yol açmasına göstərdiyi qayğı və fədakarlıq dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrildi. Ana dilimizin qorunması, inkişaf etdirilməsi, bütün idarə və təşkilatlarda dövlət dili kimi tətbiq edilməsi istiqamətində daha qətiyyətli addımlar atıldı.

Umummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasıda Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə, 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edilib. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi, Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində 2003-cü il 2 yanvar tarixli fərmanları dilimizin və dilçiliyimizin inkişafında yeni bir mərhələnin başlanğıcını qoymuşdur.

Ümummilli Liderin ideyalarını bu gün layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır, Ümummilli Liderimizin həyata keçirdiyi ana dili siyasətini bu gün uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 12 yanvar tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam, 2012-ci il 23 may tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin  inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam, 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncam, 2018-ci il 1 noyabr tarixli “Azərbaycan dilinin saflığının qorunması və  dövlət dilindən istifadənin  daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman, 2025-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Fərman və bir sıra başqa rəsmi sənədlər ana dilimizə - Azərbaycan dilinə dövlət səviyyəsində müntəzəm olaraq göstərilən qayğının parlaq təzahürüdür. İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında imzalanmış fərman ana dilimizin qorunması və inkişafı çərçivəsində mühüm addımlardan biridir. Bu fərman dil siyasətində struktur islahatlarına əsas verir və komissiyanın fəaliyyətinin daha effektiv şəkildə həyata keçirilməsinə xidmət edir.

Dövlət dilinin daha da inkişaf etdirilməsi sahəsində həyata keçirilən ardıcıl siyasət qloballaşma şəraitində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin və milli varlığının qorunub saxlanılmasına, daha da möhkəmləndirilməsinə dövlət səviyyəsində göstərilən qayğının parlaq bir nümunəsidir. 

Prezident İlham Əliyev Azərbaycan dili ilə bağlı çıxışlarında onun milli kimlik, dövlət müstəqilliyi və mənəvi bütövlüyün əsas rəmzi olduğunu dəfələrlə vurğulayıb. O bildirib ki, Azərbaycan dili xalqımızın minillik tarixi, mədəni yaddaşı və mənəvi dəyərlərini yaşadan ən böyük sərvətlərdən biridir. Dövlət dili kimi onun qorunması və inkişafı Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən sayılır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli dil siyasəti bu dəyərlərin möhkəmləndirilməsinə və gələcək nəsillərə saf, zəngin şəkildə ötürülməsinə yönəlib.

Beynəlxalq Ana Dili Günü bizə bir daha xatırladır ki, dil sadəcə ünsiyyət vasitəsi deyil, həm də mədəniyyətin yaddaşı, xalqın ruhu və milli kimliyin təməlidir. Ana dilimizi qorumaq, sevmək və gələcək nəsillərə ötürmək hər birimizin borcudur.

Gülxarə Tarverdİyeva,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı