1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən faciəli və ağrılı hadisələrindən biri baş verdi. Qarabağ münaqişəsi dövründə Xocalı şəhərində dinc əhaliyə qarşı törədilən kütləvi qətliam insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi yadda qaldı. Bu hadisə Azərbaycan xalqının yaddaşında silinməz iz buraxaraq tariximizin unudulmaz səhifəsinə çevrildi və hər il dərin hüzn hissi ilə anılır.
Həmin dövrdə Xocalı şəhəri mühüm strateji mövqeyə malik idi. Şəhər uzun müddət mühasirə vəziyyətində saxlanılmış, əhali son dərəcə ağır şəraitdə yaşamağa məcbur olmuşdu. Elektrik enerjisinin, ərzaq təminatının və tibbi yardımın çatışmazlığı şəhər sakinlərinin həyatını daha da çətinləşdirirdi. 1992-ci ilin fevral ayında həyata keçirilən hücum nəticəsində yüzlərlə dinc sakin – qadınlar, uşaqlar və yaşlı insanlar amansızcasına qətlə yetirildi, minlərlə insan yaralandı və əsir götürüldü.
Rəsmi məlumatlara əsasən, bu faciə nəticəsində 613 nəfər həyatını itirmişdir. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə yaşlı insanlar olmuşdur. Onlarla uşaq hər iki valideynini itirmiş, yüzlərlə uşaq isə valideynlərindən birini itirərək ağır mənəvi sarsıntı keçirmişdir. Bu rəqəmlər sadəcə statistika deyil, hər biri yarımçıq qalmış talelərin və dağılmış ailələrin göstəricisidir.Xocalıda baş verən hadisələr müharibənin belə qəbul edilməyən sərhədlərinin aşılması idi. Dinc əhaliyə qarşı nümayiş etdirilən xüsusi qəddarlıq beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması demək idi. Beynəlxalq humanitar hüquqa görə mülki şəxslərin hədəfə alınması qəbuledilməzdir və hərbi cinayət hesab olunur. Bu baxımdan Xocalıda baş verənlər təkcə bir şəhərin faciəsi deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayət kimi qiymətləndirilməlidir.
Xocalı qurbanlarının xatirəsi hər il fevralın 26-da ölkəmizdə və dünyanın müxtəlif ölkələrində ehtiramla yad edilir. Anım mərasimləri, yürüşlər və müxtəlif tədbirlər vasitəsilə bu faciə haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görülür. Bu fəaliyyətin əsas məqsədi yalnız keçmişi xatırlamaq deyil, eyni zamanda belə faciələrin gələcəkdə təkrarlanmamasına nail olmaqdır.Tarix göstərir ki, unudulan faciələr zamanla yenidən təkrarlana bilər. Buna görə də Xocalı hadisələrinin gələcək nəsillərə çatdırılması və onların yaddaşında yaşadılması mühüm əhəmiyyət daşıyır. Bu, həm keçmişə ehtiramın ifadəsi, həm də gələcəkdə sülhün və ədalətin təmin olunması üçün vacib addımdır.
Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Bu hadisə bizə sülhün, insan həyatının və ədalətin nə qədər qiymətli olduğunu bir daha xatırladır. Tarix unudulmadıqca, həqiqət də yaşayacaq. Xocalı qurbanlarının ruhu qarşısında baş əyir, onların xatirəsini dərin ehtiramla anırıq.
Aytən İbrahimova,
YAP Xətai rayon təşkilatının fəalı