Bəşər tarixində elə faciələr var ki, onların acısı yalnız bir xalqın deyil, bütün insanlığın yaddaşına silinməz iz kimi həkk olunur. 26 Fevral – Xocalı Soyqırımı məhz belə dəhşətli və insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda beynəlxalq hüquqa, insan haqlarına və ümumbəşəri dəyərlərə qarşı yönəlmiş bir vəhşilik aktı kimi tarixə düşmüşdür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Xocalı şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən amansız hücuma məruz qaldı. Həmin gecə dinc əhali – qadınlar, uşaqlar, qocalar xüsusi qəddarlıqla qətlə yetirildi. Heç bir hərbi obyektin mövcud olmadığı şəhərdə yaşayan günahsız insanlar yalnız azərbaycanlı olduqlarına görə öz doğma yurdlarında vəhşicəsinə öldürüldülər.
Rəsmi məlumatlara əsasən, Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilmişdir. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə yaşlı insanlar olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Bundan əlavə, 487 nəfər ağır yaralanmış, 1275 nəfər əsir götürülmüş, 150 nəfərin taleyi isə bu günədək naməlum olaraq qalmaqdadır.
Xocalıda törədilən bu qətliam təkcə insanların fiziki məhvi ilə məhdudlaşmamışdır. Eyni zamanda əsir götürülən şəxslərə qarşı qeyri-insani rəftar göstərilmiş, işgəncələr verilmiş, beynəlxalq humanitar hüququn bütün prinsipləri kobud şəkildə pozulmuşdur. Bu hadisə bir daha sübut etdi ki, müharibənin belə öz qanunları var və dinc əhaliyə qarşı yönəlmiş hücumlar heç bir halda qəbul edilə bilməz.
Xocalı faciəsi Azərbaycan xalqının milli yaddaşında dərin iz buraxmışdır. Bu hadisə hər bir azərbaycanlının qəlbində sağalmaz yara olaraq qalır. Hər il fevralın 26-da ölkəmizin hər yerində keçirilən anım mərasimləri, yürüşlər və tədbirlər Xocalı qurbanlarının xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, həm də dünya ictimaiyyətinə bu faciənin unudulmaması üçün çağırışdır.
Bu gün Azərbaycan dövləti Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar artıq Xocalı faciəsini soyqırımı kimi tanımış, bu qanlı hadisəyə hüquqi-siyasi qiymət vermişdir. Aparılan genişmiqyaslı informasiya kampaniyaları nəticəsində Xocalı haqqında həqiqətlər getdikcə daha çox ölkədə tanınır və qəbul edilir.
Tarix göstərir ki, unutqanlıq yeni faciələrin yaranmasına zəmin yaradır. Bu səbəbdən Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşatmaq, bu hadisənin gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur. Gənc nəsil Xocalı həqiqətlərini bilməli, bu faciənin mahiyyətini dərindən dərk etməli və vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır.
Xocalı soyqırımı yalnız keçmişin faciəsi deyil, həm də gələcək üçün bir xəbərdarlıqdır. Bu hadisə insanlığa qarşı törədilən cinayətlərin cəzasız qalmamalı olduğunu bir daha xatırladır. Ədalətin bərqərar olması, bu cür faciələrin təkrarlanmaması üçün beynəlxalq ictimaiyyət öz məsuliyyətini dərk etməlidir.
Bu gün Xocalı şəhidlərinin ruhu qarşısında baş əyərək bir daha bəyan edirik ki, onların xatirəsi daim yaşayacaq, bu qanlı faciə heç zaman unudulmayacaq. Xocalı – Azərbaycanın qan yaddaşı, xalqımızın qürur və mübarizə rəmzidir.
Unutmadıq, unutmayacağıq!
Fidan Əliyeva,
YAP Xətai rayon təşkilatı məsləhətçisi