24 fevral 2026 10:24
66

Xocalıya dönüşün siyasi və sosial mərhələləri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Xocalı rayonuna həyata keçirilən çoxsaylı səfərlər işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin ardıcıl və sistemli şəkildə həyata keçirildiyini nümayiş etdirir. Bu səfərlər yalnız rəsmi xarakter daşımır, eyni zamanda dövlətin Xocalıya qayıdış strategiyasının praktik icrasını, sosial-iqtisadi dirçəliş prosesinin sürətləndirilməsini və məcburi köçkünlərin doğma torpaqlarına geri dönüşünü təmin edən mühüm addımlar kimi qiymətləndirilir.

2023-cü ilin 20 iyul tarixində Prezident İlham Əliyev Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərində olmuş, ərazilərdə mövcud vəziyyətlə tanış olmuşdur. Bu səfər Xocalının kənd yaşayış məntəqələrinin bərpası istiqamətində görüləcək işlərin ilkin mərhələsini təşkil etmişdir. Həmin ilin 15 oktyabr tarixində isə Xocalı şəhərində və rayonun Əsgəran qəsəbəsində Azərbaycanın Dövlət Bayrağının ucaldılması mühüm siyasi hadisə kimi tarixə düşmüşdür. Dövlət başçısının Əsgəran qalasına baxışı bu ərazilərin tarixi-mədəni irsinin qorunmasının dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu bir daha təsdiqləmişdir.

2023-cü ilin 20-22 dekabr tarixlərini əhatə edən növbəti səfər çərçivəsində Şuşakənd, Dağdağan, Naxçıvanlı, Pircamal, Xanabad və Pirlər kəndlərində aparılması nəzərdə tutulan bərpa və yenidənqurma işləri ilə bağlı yerində baxış keçirilmişdir. Bu səfərlər nəticəsində kənd təsərrüfatının inkişafı, yaşayış infrastrukturunun yenilənməsi və sosial obyektlərin inşası istiqamətində konkret tədbirlərin həyata keçirilməsi üçün mühüm qərarlar qəbul olunmuşdur.

2024-cü ilin 26 fevral tarixində Prezident İlham Əliyevin Xocalıya növbəti səfəri xüsusi əhəmiyyət kəsb etmişdir. Dövlət başçısı Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasimində iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Bu səfər Xocalının tarixinin unudulmaması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm simvolik məna daşımışdır.

28 may 2024-cü il tarixində Xocalı şəhərində 15 çoxmənzilli binada aparılmış təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanışlıq və şəhərə köçən sakinlərlə keçirilən görüşlər doğma torpaqlara qayıdış prosesinin real nəticələrinin nümayişi olmuşdur. 5 iyul 2024-cü ildə isə Xocalı hava limanına baxış keçirilməsi rayonun nəqliyyat infrastrukturunun bərpası və regionun iqtisadi potensialının artırılması istiqamətində mühüm addım kimi dəyərləndirilmişdir.

2025-ci ilin 18-19 fevral tarixlərində Prezident İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olmuş, Xocalının Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərə baxış keçirmiş və kəndə köçən sakinlərlə görüşmüşdür. Bu görüşlər sosial rifahın təmin olunması və insanların doğma torpaqlarda layiqli həyat şəraitinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərin davamlı xarakter daşıdığını göstərmişdir.

9 may 2025-ci il tarixində “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı regionda enerji təminatının gücləndirilməsi və müasir idarəetmə sistemlərinin tətbiqi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, Xanabad kəndində fəaliyyətə başlayan heyvandarlıq kompleksi kənd təsərrüfatının inkişafına verilən önəmin göstəricisi olmuşdur.

18 iyul 2025-ci il tarixində Təzəbinə kəndində görülən işlərlə tanışlıq, Xocalı kərpic zavodunun açılışı və Xanyurdu kəndində sakinlərlə görüş rayonun sənaye potensialının inkişaf etdirilməsi və məşğulluğun artırılması baxımından xüsusi əhəmiyyət daşımışdır.

14-15 sentyabr 2025-ci il tarixlərində Şuşakənd, Seyidbəyli, Daşbulaq və Badara kəndlərinə baxış keçirilməsi, həmin kəndlərin sakinləri ilə görüşlər aparılması sosial infrastrukturun inkişaf etdirilməsi və kənd həyatının canlandırılması istiqamətində həyata keçirilən işlərin davamlı xarakter aldığını nümayiş etdirmişdir.

23 dekabr 2025-ci il tarixində Ballıca kəndində ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin açılışı isə Xocalıda qeyri-neft sektorunun inkişafı və sahibkarlığın təşviqi istiqamətində atılan mühüm addımlardan biri olmuşdur.Bütövlükdə, Prezident İlham Əliyevin Xocalıya həyata keçirdiyi səfərlər işğaldan azad olunmuş ərazilərin bərpası, sosial rifahın yüksəldilməsi, iqtisadi fəaliyyətin genişləndirilməsi və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin olunması istiqamətində dövlət siyasətinin ardıcıl şəkildə icra edildiyini göstərir. Bu səfərlər Xocalının yenidən dirçəldilməsi və bölgədə dayanıqlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Ariz Məmmədov,
YAP Xətai rayon təşkilatının fəalı