Qlobal iqtisadi volatilliklər və geosiyasi risklər fonunda ölkələr üçün dayanıqlı və şaxələndirilmiş inkişaf modeli prioritetə çevrilib. Bu şəraitdə makroiqtisadi sabitliyin qorunması, qeyri-neft sektorunun gücləndirilməsi və investisiya mühitinin yaxşılaşdırılması əsas strateji istiqamətlər kimi çıxış edir. Azərbaycan iqtisadiyyatında son illərdə müşahidə olunan artım dinamikası və struktur dəyişikliklər isə iqtisadiyyatın daha balanslı və davamlı inkişaf mərhələsinə keçidini nümayiş etdirir.
Dünya Bankı tərəfindən yanvar ayında yayımlanan "Qlobal iqtisadi perspektivlər" (Global Economic Prospects 2026) hesabatına əsasən, qlobal iqtisadiyyat volatillik fonunda gözləniləndən daha yüksək dayanıqlılıq nümayiş etdirib. Son bir ildə ticarət olunan malların ehtiyat məqsədilə toplanması, investorların nisbətən yüksək risk meyli və süni intellektə yönələn investisiyaların artması iqtisadi fəallığı dəstəkləyib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı "İki sahil"ə bildirib ki, qlobal proseslər fonunda Cənubi Qafqaz regionunda artım tempinin 2026-cı ildə 3,3 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Bu konteksdə Azərbaycanda 2022-2025-ci illərdə ÜDM-nin orta illik artımı 2,9%, qeyri-neft-qaz sektorunda isə 5,6% təşkil edib ki, bu da artımın əsasən daxili və qeyri-neft mənbələri hesabına təmin edildiyini göstərir. Qeyri-neft-qaz sektorunun ÜDM-də payının 2022-ci ildəki 45,9 faizdən 2025-ci ildə 71,5 faizə yüksəlməsi iqtisadiyyatın diversifikasiyasının sürətləndiyini, qeyri-xammal sahələrinin əlavə dəyər yaratmaqda rolunun artdığını və daha balanslı inkişaf modelinə keçidin institusional əsaslarının formalaşdığını əks etdirir. Belə ki, 2022-2025-ci illər ərzində orta illik hesabla turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 22,3%, informasiya və rabitə sahəsində 13,1%, tikinti sektorunda 9,1%, nəqliyyat və anbar təsərrüfatında 8,5%, qeyri-neft-qaz sənayesində 5,6% səviyyəsində artım müşahidə edilib. Bununla yanaşı, 2025-ci ildə Harvard Universitetinin beynəlxalq inkişaf mərkəzi olan “Growth Lab” hesabatına görə, Azərbaycan İqtisadi Mürəkkəblik İndeksində son 5 ildə 44 pillə irəliləyərək 95-ci sıraya yüksəlib, artım tempinə görə isə lider ölkələr sırasında önə çıxıb.
Lətif Zeynallı qeyd edib ki, Azərbaycan iqtisadiyyatında 2022–2025-ci illər ərzində əsas kapitala yönəldilmiş investisiyalar orta illik hesabla 3,6% artaraq 21,2 milyard manat təşkil edib ki, nəticə etibarilə, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar 7,1% artaraq 15,8 milyard manata çatıb. 2022-2025-ci illər üzrə dövlət sektoruna investisiyaların real artım tempi 11,8%, qeyri-dövlət sektoruna investisiyaların real artım tempi isə 0,2% olub. Mövcud göstəricilər ölkə iqtisadiyyatında investisiya aktivliyinin davam etdiyini, xüsusilə dövlət sektorunda kapital qoyuluşlarının daha yüksək artım dinamikası nümayiş etdirdiyini göstərir. Makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində atılan addımlar beynəlxalq səviyyədə də müsbət qiymətləndirilib, suveren kredit reytinqlərinə əhəmiyyətli təsir göstərib. Dünyanın aparıcı beynəlxalq reytinq agentliklərindən biri olan “Moody’s Ratings” ölkənin suveren kredit reytinqini “investisiya səviyyəsi”nə (“Ba1” səviyyəsindən “Baa3” səviyyəsinə) yüksəldib, reytinq üzrə proqnozu isə “müsbət” olaraq saxlayıb.
İİTKM-in şöbə müdiri vurğulayıb ki, hesabata görə 2025-ci ilin avqust ayında Ermənistan və Azərbaycan arasında əldə olunmuş ilkin sülh razılaşması regionda sabitliyin möhkəmlənməsinə və əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verəcək. Azərbaycanın Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısı kimi fəaliyyəti nəqliyyat, ticarət və investisiya əməkdaşlığının genişlənməsi üçün yeni imkanlar yarada bilər. Bu baxımdan, regional sabitliyin möhkəmlənməsi iqtisadi inkişafın struktur əsaslarının güclənməsində mühüm rol oynayır.
Lətif Zeynallı əlavə edib ki, ümumilikdə, qlobal iqtisadi volatilliklərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı davamlı artım və struktur diversifikasiyası nümayiş etdirir. Qeyri-neft sektorunun inkişafı, investisiya aktivliyinin qorunması, beynəlxalq reytinq göstəricilərinin yaxşılaşması, eləcə də, regionda sülh və əməkdaşlıq mühitinin formalaşması ölkənin dayanıqlı inkişaf perspektivlərini gücləndirən əsas amillər kimi çıxış edir.