24 fevral 2026 18:15
126

Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biridir.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarların xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transportyoru, piyadaların 9 döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalını yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı və yandırıldı, insanlar isə xüsusi qəddarlıqla qətlə yetirildi.

Xocalıdakı özünümüdafiə qüvvələri son nəfərinə, son gülləsinə qədər vuruşaraq düşmənə çox ciddi müqavimət göstərdilər. Qüvvələr nisbətinin qeyri-bərabər olduğu bu döyüşlər şəhəri müdafiə edən insanların göstərdiyi böyük qəhrəmanlıq, fədakarlıq nümunəsi idi. Xocalıya hücum zamanı erməni kəndlərinin mühasirəsində qalmış şəhərin 3000 nəfərədək silahsız mülki əhalisi düşməndən xilas olmaq üçün şəhəri tərk etdi. Çox təəssüf ki, o dövrdə Xocalıya heç bir kömək olmadığından həmin əhalinin demək olar ki, böyük bir hissəsi erməni vəhşiliyinin qurbanı oldu.

Uzun illərdir ki, Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparır. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.

Xalqımız uzun illərdir ki, bu qanlı cinayətin - Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır. Bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Xocalı və işğaldan azad olunmuş bütün digər rayonlarımız tam azaddır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Xocalı şəhəri separatçılardan təmizlənib.

Uzun illər işğal altında qalan Xocalı şəhəri 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi.

Soyqırımın 34-cü ildönümü ərəfəsində Xocalı qatillərinin Bakı Hərbi Məhkəməsində yekunlaşan məhkəmə prosesi nəticəsində layiqli cəzanı almaları ilə ədalət öz yerini tapdı. 2023-cü ildə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş anti-terror əməliyyatları ilə tutularaq Bakıya gətirilən Xocalı cəlladları və xunta rejim rəhbərləri məsuliyyətə cəlb olundu.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində ucaltdığı şanlı bayrağımız Azərbaycanın gücünü dünyaya bir daha nümayiş etdirdirərək, xalqımızın milli birlik və azadlıq uğrunda mübarizəsini əbədiləşdirdi. Soyqırımı qurbanlarının xatirəsi işğaldan azad olunmuş Xocalı şəhərində anıldı, mərasimdə iştirak edən Prezident cənab İlham Əliyev Xocalı Soyqırımı Memorialının təməlini qoydu.

Bir zamanlar yurdlarından didərgin düşən sakinlər artıq yenidən dirçələn doğma şəhərlərinə qayıdırlar. Xocalı səmasında dalğalanan şanlı bayrağımız fəxrlə dalğalanır.

Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmayacaq və Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.

Əminə Ağazadə,

Milli Məclisin deputatı