27 fevral 2026 00:17
117

Ermənistan yanacaq asılılığından xilas olur

“Azərbaycan bizə ixrac edə biləcəyi bir çox məhsulun siyahısını verib, biz də onlara”.

Bu fikri Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan yerli jurnalistlərə bildirib. Nazir daha sonra deyib: “Müzakirələr gedir, Azərbaycan bizə ixrac edə biləcəyi bir çox məhsulun siyahısını verib, biz də onlara. Amma hələ ciddi rəqabət üstünlükləri yoxdur. Əlbəttə, müxtəlif mədəni-psixoloji məsələlər də var, amma bu prosesdir, ticarət olacaq. Əminəm ki, iki ölkə arasında yüz milyonlarla dollar potensial var, amma vaxt tələb olunur.”

Papoyan əlavə edib ki, Azərbaycandan yanacaq idxalı iş adamlarının ixtiyarındadır, proses öz axarı üzrə gedir: “Onlar pulu köçürəcəklər, biz benzin alacağıq və burada əlçatan qiymətlərlə satacağıq”.

Erməni ictimaiyyəti şahid olur ki, əvvəllər yanacaq sarıdan çətinlik çəkən insanlar indi istədikləri qədər benzin ala bilirlər. Hətta bir çox şəxsi avtomobili olanlar ehtiyat üçün də yanacaq alıb saxlayırlar. Buna səbəb uzun illər ölkədə yanacaq qıtlığının olmasıdır. Amma bundan sonra qıtlıq olmayacaq. Bunun üçün Azərbaycana minnətdar olmalıdırlar. Qonşularla dinc yanaşı yaşamağın, əməkdaşlıq etməyin nəticəsi budur. Həm də bu, hələ başlanğıcdır.

Xəbər verilir ki, fevralın 25-də 4 500 ton dizel daşıyan 39 ədəd çən vaqonu "Azərbaycan Dəmir Yolları" QSC-nin Güzdək stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılıb.

Xatırladaq ki, sonuncu dəfə yanvarın 11-də Azərbaycandan Ermənistana 979 ton "Aİ 92" markalı avtomobil yanacağı yüklənmiş 18 vaqon yola salınıb. Bundan əvvəl isə həmin ayın 9-da Ermənistana ümumilikdə 2 698 ton neft məhsulu göndərilib. Daşınan yüklərə 1 742 ton "Aİ-95" markalı benzin və 956 ton dizel yanacağı daxil olub.

Qeyd edək ki, Azərbaycandan bu ölkəyə yanacaq ixracına 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı tədarük edilib.

Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir. Bu səbəbdəndir ki, Ermənistanda bir litri 500 drama satılan benzinin qiyməti aşağı düşüb və hazırda bir litri 445 drama satılır. Qazaxıstandan göndərilən iki taxıl qatarının yaxın vaxtda kəsə yolla Azərbaycan ərazisindən daşınması nəticəsində Ermənistan xeyli vəsaitə qənaət edib.

Ancaq erməni nazirin də yuxarıda dediyi kimi, iqtisadi əlaqələr təkcə yanacaq ixracı ilə bitməyəcək. Ərzaq məhsullarının da ticarətinə geniş meydan veriləcək. Ermənistan Azərbaycana əsasən istehsal etdiyi spirtli içkilər, kənd təsərrüfatı, heyvandarlıq məhsulları və digər malları təklif etməyi planlaşdırıb.

Əslində Azərbaycanın ticarət məsələsində təşəbbüs irəli düşməsi, Ermənistanı sıxıntılardan xilas etməsi Zori Balayan, Robert Koçaryan, Serjik Sarkisyan, Seyran Ohanyan və onlar kimi düşmənçilik və cinayətkarlıq mövqeyində duranların bozarmış sifətinə vurulan sərt şillədir. Özü də son yanacaq qatarının Xocalı faciəsinin anım günündə gondərilməsi bütün dünyaya bu mesajı verir: Buyurun baxın, mədəni xalq kimdir, vəhşi kimdir?

Vəli İlyasov, “İki sahil”