26 fevral 2026 23:37
97

Böyük Qayıdışın növbəti ünvanı - Xocavənd

Dövlət başçısı İlham Əliyev Xocavənd və Xocalı rayonlarına səfəri çərçivəsində Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşündə bir daha bildirdi ki, bütün Azərbaycan xalqı, siz də hər zaman inanırdınız ki, bu gün gələcək və bu torpaqları biz azad edəcəyik, ədaləti bərpa edəcəyik, düşməni torpaqlarımızdan qovacağıq

Dünya hərb tarixinə yeni səhifə yazan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasının yaratdığı reallıqlardan biri tarixi sahibinə qovuşan torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsidir. Bu reallığı hər zaman qeyd etməkdən böyük qürur hissi keçiririk ki, daim ilkləri ilə dünyanın diqqətində olan Azərbaycan müharibədən yeni çıxan ölkə olaraq dərhal bərpa-quruculuq işlərinə başlamaqla bu ilkə də imza atdı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından çox keçmədi ki, 16 noyabr 2020-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarına səfər etdilər. Prezident İlham Əliyev Füzuli şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında bu çağırışı etdi ki, yeni bir şəhərsalma planı qurulacaq. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası – bütün bu planlar var. Allahın köməyi ilə hamısını icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu üçrəngli Bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Prezident İlham Əliyevin Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstərişi azad edilmiş ərazilərimizdə görüləcək işlərin başlanğıcı oldu. Layihənin icrasının gedişi ilə tanışlıq zamanı “Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır” söyləyərək onu da əlavə etdi ki, son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. Bu göstəriciyə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Ancaq bu yolun xüsusi əhəmiyyəti var. Bu yol bizi Şuşaya aparır. Eyni zamanda, bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir.

Artıq o vaxtdan 5 ildən artıq zaman keçib. Bu gün qürurla azad edilmiş torpaqlarımızın bərpası ilə yanaşı, Böyük Qayıdış Proqramına uyğun olaraq soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışından bəhs edirik. Beş il zaman baxımından az bir müddət olsa da qayıdış ünvanlarının say tərkibinə diqqət yetirdikdə görülən işlərin miqyasının nə qədər böyük olduğunu görürük. Bu ilin iki ayında artıq iki şəhər-Xankəndi və Xocavənd də sakinlərinə qovuşdu. Sakinlərinə qovuşan şəhərlərimizin ümumi sayı artıq 9-dur- Füzuli, Cəbrayıl, Laçın, Şuşa, Kəlbəcər, Xocalı, Ağdam, Xankəndi və Xocavənd. Təbii ki, bu, son deyil. Soydaşlarımızın qayıtdığı kənd və qəsəbələrin sayı isə onlarladı.

Otuz il xalqımız bu günləri böyük səbirsizliklə gözlədi. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası doğma torpaqlarımıza qayıdışımıza inamı artırdı və artıq bu reallıqların şahidiyik. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar.

Bircə faktı qeyd etmək kifayətdir ki, 2023-cü ilin sentyabr ayında rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiteror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasından ötən qısa müddətdə- iki ildən artıq zamanda Xocalı, Xankəndi və Xocavənd şəhərləri, həmçinin bu rayonların bir çox kəndləri sakinlərinə qovuşub. Xocalı şəhəri suverenliyimizin bərpasından sonra bu sevinci yaşayan ilk şəhər oldu. Cənab İlham Əliyev 2024-cü ilin 26 fevral tarixində Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Həmin ilin 28 may tarixində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşdülər. Ötən il isə Prezident İlham Əliyev Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşdü. Göründüyü kimi, azad edilmiş torpaqlarımıza, o cümlədən Xocalı şəhərinə və kəndlərinə qayıdış davamlıdır. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocalı və Xocavənd rayonlarına səfər çərçivəsində Xocalı rayonunun Xanabad kəndində görülmüş işlərlə tanış oldular.

Qeyd edildi ki, Xanabad Xocalı rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. Kənd Silahlı Qüvvələrimizin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad edildi. İşğaldan əvvəl kənddə orta məktəb, mədəniyyət evi, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Burada ölkə əhəmiyyətli XIII əsrə aid kilsə və IX əsrə aid “Aslan qalası” memarlıq abidələri var. Kənddə ümumilikdə 276 ev var ki, onlardan da 115-i yararsız, 161-i isə qismən yararlıdır. İndiyədək 120 ev təmir olunub. Bu ilin sonunadək daha 41 ev istismara hazır olacaq. Bir neçə gün əvvəl 38 ailə - 154 nəfər kəndə qayıdıb. Xanabadda bir sıra sosial layihələr icra olunub. Belə ki, mövcud 3 transformator məntəqəsi, elektrik və qaz xətləri bərpa edilib, eyni zamanda, yeni elektrik, qaz və optik xətlər çəkilib, subartezian quyularında və su anbarında təmir işləri aparılıb, 2 yeni su anbarının qurulması işlərinə başlanılıb. Kəndin su təminatı üçün Əsgəran qəsəbəsinin ərazisində nasos stansiyası inşa edilib, kənddaxili yollar bərpa olunub. Kəndin girişində “Xanabad” kompozisiyası quraşdırılıb, Xanabad gölünün sahilində park salınıb, estakada inşa edilib və Dövlət Bayrağı ucaldılıb.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdilər. Memorialla tanış oldular və Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.

Dövlətimizin başçısının Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərləri bərpa-quruculuq işləri ilə tanışlıqla bərabər, yeni sosial obyektlərin açılışı və təmləqoyma mərasimlərinin keçirilməsi, bu torpaqlara qayıdan sakinlərlə görüşü ilə də yadda qalır. Bu baxımdan Prezident İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xocavənd rayonunun Xocavənd kəndində, həmçinin Xocavənd şəhərində görülmüş işlərlə tanışlığı da diqqətdə oldu. Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxil olan bu kənd 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib. Burada ümumilikdə 278 fərdi ev var. Onlardan 128-i yararsız, 150-si isə qismən yararlıdır. Qismən yararlı evlərin 20-si artıq təmir olunub, bu il daha 130 evdə təmir işləri aparılacaq. Bu ilin fevralında Xocavənd kəndinə 20 ailə - 94 nəfər qayıdıb. Cari ilin mart-dekabr aylarında kəndə daha 130 ailə - 533 nəfərin qayıtması planlaşdırılır. Ötən müddət ərzində kənddə bir sıra sosialyönümlü işlər görülüb. Belə ki, 5 kilometr uzunluğunda daşıyıcı qaz xətti çəkilib, 1500 metr uzunluğunda mövcud xətt bərpa edilib. Bundan başqa, 2100 metr uzunluğunda 0,4 kV-luq mövcud xətlər və 2 transformator məntəqəsi bərpa olunub. Kənddaxili yollar asfaltlanıb, piyada yolları çəkilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Xocavənd şəhəri 1992-ci ildə ermənilər tərəfindən işğal edilib. Şəhər 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində işğaldan azad edildi. Həmin il oktyabrın 15-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərində Azərbaycan Bayrağını ucaltdı.

Xocavənd rayonunun ərazisi 1,51 min kvadratkilometrdir. Əhalisinin sayı isə 12 min 500 nəfərdir. Rayonun ərazi vahidinə 1 şəhər, 2 qəsəbə və 80 kənd daxildir. Prezident İlham Əliyevə Xocavənd şəhərində əsaslı təmirdən sonra istifadəyə verilmiş fərdi evlər barədə məlumat verildi. Xocavənddə 980 fərdi ev mövcuddur ki, onlardan da 133-ü yararsız, 847-si isə qismən yararlıdır. Qismən yararlı evlərdən 55-i artıq istismara hazırdır. Bu il ərzində daha 792 ev təmir ediləcək. Bir neçə gün əvvəl Xocavənd şəhərinə 50 ailə - 194 nəfər qayıdıb. Ötən ilin sentyabrından indiyədək isə Xocavəndin 5 yaşayış məntəqəsinə - Xocavənd şəhərinə 50 ailə (194 nəfər), Qırmızı Bazar qəsəbəsinə 142 ailə (604 nəfər), Sos kəndinə 85 ailə (360 nəfər), Hadrut qəsəbəsinə 58 ailə (233 nəfər), Xocavənd kəndinə isə 20 ailə (94 nəfər) olmaqla, ümumilikdə 1485 nəfər - 355 ailə qayıdıb.

Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək.

Qeyd etdiyimiz kimi, hazırda işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Bütün işləri öz daxili imkanları hesabına həyata keçirən Azərbaycanın əsas hədəfi Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsi başa çatanadək 140 min keçmiş məcburi köçkünün qayıdışına nail olmaqdır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir göstəricisidir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgələrdə reallaşdırılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən on minlərlə insan yaşayır.

Böyük Qayıdışdan bəhs edərkən bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, bu qayıdış Cocuq Mərcanlıdan başladı. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində 1993-cü ilin dekabrından 1994-cü ilin yanvarına qədər davam edən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış uğurlu Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun bu qəsəbəsi ilə yanaşı, 20 kəndi, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Lakin təhlükəsizlik baxımından uzun müddət məskunlaşmanın qeyri-mümkün olduğu bu kənd 2016-cı ildə Prezident İlham Əliyevin qətiyyəti, böyük səyləri nəticəsində ikinci həyatını yaşamağa başladı. Buna 2016-cı ilin aprelində qəhrəman Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi və strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində nail olundu. Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan Bayrağı dalğalandı. Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yarandı. Cənab İlham Əliyev 2017-ci ildə «Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında» Sərəncam imzaladı. Ərazinin minalardan təmizlənməsindən sonra bu kənddə böyük quruculuq işlərinə başlandı. Dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində həyata keçirilən bərpa işləri uğurla başa çatdı və Cocuq Mərcanlı öz sakinlərini qarşıladı.

Son beş ildən artıq dövrdə Böyük Qayıdışa doğru atılan addımların uğurlu nəticəsi göz önündədir. Bu ərazilərin bərpası, yenidən qurulması müasir tələblər səviyyəsində həyata keçirilir, soydaşlarımızın gələcəkdə burada yüksək rifah şəraitində yaşayışı üçün bütün zəruri addımlar atılır. Dövlət başçısı İlham Əliyev hər zaman hədəflərdən bəhs edərkən bildirir ki, bu ərazilərdə yüksək yaşayışın təmin edilməsi üçün bütün zəruri olan addımlar atılacaq.

Azad edilmiş ərazilərimizə qayıdışın miqyası genişləndikcə bu torpaqların malik olduğu iqtisadi imkanlardan səmərəli istifadənin prioritetliyi məsələsi daha da aktuallaşır. Sakinlərin məşğulluq problemlərinin həlli əsas hədəflər sırasındadır. Regionda iqtisadi inkişafın və məşğulluğun təmin edilməsi məqsədilə sənaye parkları, iqtisadi zonalar yaradılır. Bütün bunlar yerli istehsal imkanlarının genişləndirilməsi və yeni iş yerlərinin açılması ilə yaşayış məntəqələrinin dayanıqlı inkişafına töhfə verir. Eyni zamanda salınan yeni yol infrastrukturu sayəsində Qarabağ və Şərqi Zəngəzurun Bakı və ölkənin digər əraziləri ilə birbaşa əlaqələndirilməsi bu regionların sürətli iqtisadi və sosial inkişafına xidmət edir. Azad edilmiş ərazilərimizin hər biri özünəməxsus imkanlara malikdir. Onlardan səmərəli istifadə etməklə həm bu ərazilərdə yaşayan soydaşlarımızın sosial müdafiəsini gücləndirmək mümkündür, eyni zamanda, Azərbaycanın dayanıqlı inkişafına davamlı töhfələrin veriləcəyi qaçılmazdır. Çıxışlarında “Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq” söyləyən cənab İlham Əliyev onu da vurğulayır ki, o bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcək.

Tarixi Zəfərimizdən sonra iqtisadi rayonların bölgüsünün yenidən aparılması ilə bağlı Fərman imzalanmasında, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi və sair kimi biri-birindən mühüm addımların atılmasında da məqsəd bu bölgənin imkanlarından səmərəli istifadə etməkdir. Milli Prioruetlərdə bu çağırışlar xüsusi qeyd edilir ki, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək. İqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf yolunun ideoloji nüvəsini təşkil edir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcək.

Göründüyü kimi, dövlətimizin həyata keçiridyi iqtisadi siyasətin əsasında azad edilmiş ərazilərimizin bərpası, soydaşlarımızın bu torpaqlara qayıdışı və yeni həyatın başlanması dayanır. Qısa müddətdə bu torpaqlara qayıdışı reallışdırmaq böyük iqtisadi gücün, xalqımızın yenilməzliyinin təqdimatıdır. Dövlət başçısı İlham Əliyevin yeni dövrə qədəm qoyan Azərbaycanın reallıqlarından bəhs edərkən böyük qürur hissi ilə qeyd etdiyi kimi, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!

Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur. Bu, bir nümunədir. Cənab İlham Əliyevin çağırışlarında bu məqam xüsusi vurğulanır ki, sonra biz bunu ölkəmizin digər bölgələrinə də tətbiq edəcəyik. Yəni, orada həm idarəetmə, həm infrastruktur, həm də yaşıl enerji layihələri bütün ölkəni əhatə edəcək. Bax, bizim planlarımız bundan ibarətdir. 

Sözügedən səfər çərçivəsində Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşü xüsusi diqqətdə oldu və hər birimizdə böyük qürur hissi yaratdı. Xocavənd Böyük Qayıdışın növbəti ünvanı oldu. Prezident İlham Əliyev sakinlərlə söhbət zamanı bildirdi ki, siz məndən bir qədər tez, bir meçə gün əvvəl gəlmisiniz. Doğma Qarabağ torpağına qayıtmağınız münasibətilə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, burada rahat, xoşbəxtlik içində, sülh, əmin-amanlıq içində yaşayacaqsınız. Uzun illər əzab-əziyyət içində yaşamısınız. Köçkün həyatı ağır həyatdır, həm mənəvi əzablar, həm fiziki çətinliklər, öz doğma torpağını tərk edib başqa yerə, hətta Azərbaycanın içində olsa belə getmək və əzab-əziyyət içində yaşamaq böyük sınaqdır. Siz bu sınaqdan şərəflə çıxmısınız: “Əminəm ki, bütün Azərbaycan xalqı, siz də hər zaman inanırdınız ki, bu gün gələcək və bu torpaqları biz azad edəcəyik, ədaləti bərpa edəcəyik, düşməni torpaqlarımızdan qovacağıq. Bildiyiniz kimi, vaxtilə işğal edilmiş torpaqların böyük hissəsi beş il bundan əvvəl Vətən müharibəsi zamanı azad olunsa da, Xocavənd hələ də işğal altında qalmışdı və xocavəndlilər də hesab edirdilər ki, nə vaxtsa vəziyyət dəyişəcək. Əminəm, cəmiyyətdə inam var idi ki, bir qarış torpaq da düşmənin tapdağı altında qalmayacaq və biz buna da nail olduq. Artıq iki ildən çoxdur ki, bütün əraziyə - Azərbaycan dövlətinin suveren ərazisinə biz nəzarət edirik. Düşmənin sonuncu yuvasını da dağıtmışıq, separatçıları da qovmuşuq, onları da məhkəmə qarşısında cavab verməyə məcbur etmişik və ədaləti tam bərpa etmişik.” Dövlətimizin başçısı bildirdi ki, artıq o ağır dövr arxada qaldı, bir daha qayıtmayacaq. Bu gün dövlətimiz, ordumuz güclüdür və xalqımız bu illər ərzində artıq bütün dünyaya öz böyüklüyünü göstərmişdir. Son 80 il ərzində Azərbaycan qədər belə tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. İndi isə quruculuq vaxtıdır. Evlərin bəziləri bərpa edilib, yenidən qurulub. Bu proses davam etdiriləcək. On minlərlə Azərbaycan vətəndaşı artıq azad edilmiş torpaqlarda yaşayır və onlardan təqribən 30 minə yaxını keçmiş köçkünlərdir.

Cənab İlham Əliyev sakinlərlə görüşündə bu torpaqlarda infrastruktur layihələrinin uğurlu icrasından, iş yerlərinin yaradılmasından geniş bəhs etdi. Vurğuladı ki, burada yaşayan insanların əksəriyyəti vaxtilə kənd təsərrüfatı ilə məşğul idi. Bu bölgənin çox gözəl təbiəti, münbit torpağı, suyu, bulaqları var. Əsas odur ki, insanlar artıq burada rahat yaşasınlar və tam əmin olsunlar ki, bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək. Bunun üçün də hər zaman güclü, ayıq olmalıyıq, keçmişi unutmamalıyıq və gələcəyə inamla baxmalıyıq. Necə ki, inamla baxırıq və yaşayırıq. Bundan sonra xalqımız sülh içində yaşayacaq.

Yeganə Əliyeva, “İki sahil”